Sabirabad rayonunda qanlı cinayət hadisəsi törətməkdə təqsirli bilinən 1989-cu il təvəllüdlü Seymur Kərimovun məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, hadisə Sabirabad şəhəri, E.Qəmbərov küçəsində baş verib.
Seymur Kərimov yaşadığı evdə həyətin küçə qapısının qarşısında rəsmən nikahda olmadığı arvadı Pərvanə Quliyevaya bacısı Əfsanə Quliyeva ilə birlikdə ev əşyalarını sataraq pulunu borclu olduğu şəxslərə verməsini irad tutub. O, arvadından evdən çıxmağı tələb edib.
Daha sonra Seymur Kərimov mətbəxdən götürdüyü bıçaqla 2013-cü il təvəllüdlü oğlunun gözləri qarşısında Pərvanə Quliyevanının döş qəfəsinə bir neçə zərbə vurub.
Qadın aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün Pərvanə Quliyevanın həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Seymur Kərimovun barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsin sağlamlığına ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Seymur Kərimov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Seymur Kərimov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilməsini, maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin olunmasını xahiş edib.
Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə Seymur Kərimovun şikayəti təmin olunmayıb.