1 May 2014 17:46
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elman Abdullayev Nalbandyana cavab verdi

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın aprelin 30-da Ermənistan parlamentində verdiyi bəyanatla bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, E.Abdullayev açıqlamasında bildirib: “Ermənistan xarici işlər naziri bu cür bəyanatla çıxış etməklə beynəlxalq münasibətlər haqqında öz dar təsəvvürünü ortaya qoyur. Öz köhnə ənənələrinə sadiq qalan Ermənistan xarici işlər naziri ölkəsinin yaşadığı problemləri başqasının üzərinə atmağa çalışır.

Bəşəriyyətə qarşı cinayətlər törətmiş və qonşu dövlətin ərazisini işğal etmiş Ermənistan nəinki Avropa Şurasının üzvlüyündən çıxarılmalı, hətta ona qarşı sanksiyalar tətbiq edilməlidir.

Zəngin dövlətçilik ənənələri olan Azərbaycan xalqı özünün çoxəsrlik tolerantlıq ənənələri ilə fəxr edir. Azərbaycan xalqının həyat tərzi olan bu ənənələr bu gün dünya miqyasında bir nümunə kimi qəbul olunur və qabaqcıl təcrübə kimi öyrənilir. Ermənistan da Azərbaycanın zəngin tolerantlıq ənənələrindən dərs götürməlidir.

Öz tarixi torpaqlarından milli mənsubiyyətinə görə azərbaycanlıların kütləvi şəkildə qovulmasını həyata keçirmiş və nəticə etibarilə, XX əsrin ən dəhşətli və böyükmiqyaslı humanitar fəlakətlərindən birinin törədilməsinə görə məsuliyyət daşıyan Ermənistan bu gün dünyada “nümunəvi” mono-etnik dövlətə çevrilib.

Ermənistan rəhbərliyinin Azərbaycan və erməni xalqlarının etnik baxımdan uyğunsuzluğu barəsində bəyanatları bu ölkənin rəhbərliyinin sahib çıxdığı irqçi düşüncənin təzahürüdür.

Görəsən Edvard Nalbandyan öz prezidentinin bəyanatını niyə belə tez unudur?

Beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq, Azərbaycan xalqına qarşı etnik təmizləmə, işğal və təcavüz siyasəti yürütmüş Ermənistanın etnik və dini dözümlülük və mənəvi dəyərlərdən danışmağa heç bir haqqı və əsası yoxdur.

Nəhayət ki, rəsmi İrəvan qonşu dövlətlərə və xalqlara qarşı nifrətdən, ərazi iddialarından əl çəkməli, regionda sülhün pozulmasına görə öz məsuliyyətini dərk etməli və öz xalqını sülhə hazırlamalıdır.
Yenə də öz qeyri-konstruktiv siyasətinə sadiq qalaraq, Ermənistan müxtəlif bəhanələrlə Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları arasında dialoqa və ümumilikdə danışıqlar prosesinin irəliləməsinə və regionda sülhün və sabitliyin bərqərar olmasına maneələr yaradır”.

Səxavət


Müəllif: