Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
DSX-nin Mətbuat Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, fevralın 3-də sааt 12:15 rаdələrində Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsində olan “Tufan” tipli sərhəd gözətçi gəmisi tərəfindən Kürdili adasının cənubunda Lənkərаn rаyоnu Nərimanabad qəsəbəsindən 8,1 mil məsafədə 2 (iki) nəfər heyət üzvünün “kömək edin” işarəsini nümayiş etdirən hərəkətsiz balıqçı qayıq müşahidə olunub.
Sərhəd gözətçi gəmisi tərəfindən fırtınalı hava şəraitində keçirilən xilasetmə tədbirləri nəticəsində texniki nasazlıq səbəbindən dənizdə qalan “BA-5142” bort nömrəli, “Yamaha-40” mühərrikli balıqçı qayıq yedəyə alınıb və sааt 15:10 rаdələrində qayığın heyəti xilas edilərək Nərimanabad qəsəbəsi istiqаmətində sahilə çıxarılıb.
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən xilas edilən şəxslərin Lənkərаn rаyоnu Nərimanabad qəsəbə sakinləri 1977-ci il təvəllüdlü Suleymanov Sədrəddin Yediyar oğlu və 1987-ci il təvəllüdlü Əsgərov Nail Namiq oğlu olmaları müəyyən edilib.