24 Sentyabr 2014 20:13
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavatda başqan olmaq uğrunda mübarizə qızışır

Müsavat Partiyasının qurultayına sayılı günlər qaldıqca başqanlığa namizədlər öz güclərini nümayiş etdirirlər.
Ötən gün 36 nəfər Müsavat funksioneri müraciət yayaraq Qubad İbadoğlunun namizədliyini dəstəklədiyini elan edib. Bu, faktiki olaraq qurultaya 3 gün qalmış Qubad İbadoğlunun Hacılıya qarşı demarşı hesab olunur.

Ancaq Arif Hacılının tərəfdarlarının qarşı tərəfə cavabı özünü çox gözlətməyib. Dünən günorta saatlarında Arif Hacılının Seçki Qərargahı Müsavat Partiyasının VIII qurultayında keçiriləcək başqan seçkilərində Arif Hacılını dəstəklədiyini açıq şəkildə bəyan edən partiya yetkililərinin və funksionerlərinin siyahısını açıqlayıb.

Seçki Qərargahı vurğulayıb ki, siyahıda adları qeyd edilənlərin əksəriyyəti qurultay nümayəndəsidir və mövqelərini açıqlayacaq digər partiya yetkililərinin adları da bu siyahıya əlavə olunacaq.

Məlumat üçün qeyd edək ki, Arif Hacılını dəstəkləyən şəxslərin ümumi siyahısı 122 nəfərdən ibarətdir. Onların 24 nəfəri hazırda Avropada yaşayan müsavatçılardır. Yerdə qalanları isə əsasən partiya üzvləri, rayon təşkilatının sədrləri, sədr müavinləri, Məclis və Divan üzvləridir. Bununla da Arif Hacılının seçki qərargahı Qubad İbadoğlunun demarşına cavab verdiklərini ifadə ediblər.

Bu arada o da qeyd olunur ki, Qubad İbadoğlunu dəstəkləyən şəxslərin böyük əksəriyyəti Müsavat Partiyasının VIII qurultayının üzvləri deyillər, bir çoxları artıq neçə illərdir ki, partiyanın fəaliyyətində aktiv iştirak etmirlər.
Bundan başqa, qeyri-rəsmi məlumatlara görə, partiyadakı Rəsulzadə-Elçibəy fraksiyası da Hacılını dəstəkləyəcək. Artıq bu məsələ öz həllini tapmış hesab olunur.

Qeyd edək ki, Arif Hacılıya dəstək verənlər arasında Gülağa Aslanlı, Səxavət Soltan, Mustafa Hacıbəyli, İkram İsrafil, Elman Fəttah, Osman Kazımov, Sevinc Hüseynova, yeganə istiqlalçı xanım deputat Məryəm Həsənova, Alya Yaqublu, Könül Şamilqızı, professor Rafiq İsmayıl və digər şəxslər var.

Cavidan


Müəllif:

Oxşar xəbərlər