26 Sentyabr 2014 21:36
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Nyu York ştatında fəaliyyət göstərən Sirakuz Universitetində Azərbaycana həsr olunan tədbir keçirilib. Universitetin ictimai siyasət sahəsində dünyanın ən qabaqcıl ali təhsil müəssisələrindən olan Maksvel Vətəndaşlıq və İctimai Məsələlər Məktəbində təşkil edilən tədbirə bu ali təhsil ocağının müəllim və tələbə heyəti qatılıb.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev universitetin rəhbərliyinin dəvəti ilə tədbirdə mühazirə oxuyub.

N.Ağayev Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq, işğal olunmuş torpaqlarımızda həyata keçirdiyi etnik təmizləmə siyasəti, mülki azərbaycanlı əhalinin məruz qaldığı hərbi cinayətlər, xüsusilə Xocalı soyqırımı haqqında danışıb. Baş konsul Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın hələ 2000-ci ildə verdiyi müsahibədə Xocalı soyqırımının işğalçı qüvvələr tərəfindən törədilməsinə dair etirafını diqqətə çatdırıb.

N.Ağayev, həmçinin çıxışında Azərbaycanın tarixi, mədəniyyəti, müstəqil ölkə kimi inkişafı, uğurlu neft strategiyası, dünya dövlətləri ilə münasibətləri barədə məlumat verib. O, ölkəmizdə mövcud olan milli və dini tolerantlıq ənənələri barədə də danışıb, dövlətin bu ənənələrin daim yaşaması və daha da güclənməsinə yüksək diqqət yetirdiyini vurğulayıb.

Sonra baş konsul professorların və tələbələrin suallarını cavablandırıb.


Müəllif:

Oxşar xəbərlər