27 Sentyabr 2014 14:49
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının toplantısı keçirilib. Toplantıda partiyanın rayon və şəhər təşkilatlarının qadınlar şuralarının sədrləri iştirak ediblər.

Trend-in məlumatına görə, YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva çıxış edərək bildirib ki, toplantının keçirilməsində məqsəd təşkilatın fəaliyyətinin yeni istiqamətlərinin müəyyənləşdirilməsi, bələdiyyə seçkiləri ərəfəsində qadınların fəallığının artırılması, seçkilərlə əlaqədar bölgələrdə görüşlərin keçirilməsi və digər məsələlərin müzakirəsindən ibarətdir.

Azərbaycanda uğurlu dövlət qadın siyasətinin həyata keçirildiyini deyən YAP Qadınlar Şurasının sədri vurğulayıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun sözlərinə görə, məhz bu siyasətin nəticəsidir ki, ölkəmizin nüfuzlu, ziyalı qadınları, eləcə də cəmiyyətin digər təbəqələrini təmsil edən xanımlar YAP-ın sıralarında cəmləşiblər və hazırda YAP üzvlərinin 40 faizdən çoxunu qadınlar təşkil edir.

Tədbirdə çıxış edən Mill Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova YAP-ın cəmiyyət həyatındakı mövqeyindən, həyata keçirilən layihələrdən, o cümlədən YAP Qadınlar Şurasının fəaliyyətindən geniş bəhs edib. B.Muradova qeyd edib ki, ölkəmizin inkişafı prosesində YAP-ı təmsil edən qadınlar da fəal iştirak edirlər. O, qarşıdan gələn bələdiyyə seçkilərində qadınları fəal iştirak etməyə çağırıb.

Qeyd edək ki, toplantıda bələdiyyə seçkiləri ilə bağlı tədbirlər planı müzakirə olunub, YAP Qadınlar Şurasının bölgələrdə qadınlarla görüşlərinin keçirilməsi qərara alınıb. Eyni zamanda, Şuranın 20 illik yubileyinə hazırlıq məsələləri müzakirə edilib.


Müəllif:

Oxşar xəbərlər