Bədrəddin Quliyev: “Üç faizlik investisiya kreditlərinin ölkəyə axınının şahidi olacağıq”
Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev Teleqraf.com-un suallarına cavab verib. O, əsasən bölgədə və regionda gedən prosesləri qiymətləndirib, TANAP layihəsinin əhəmiyyətindən danışıb, Azərbaycan-Türkiyə hərbi təlimləri ilə bağlı fikirlərini açıqlayıb.
- Azərbaycan-Rusiya münasibətləri son zamanlar aktiv fazaya daxil olur, qarşılıqlı səfərlər baş verir, əlaqələrdə irəliləyiş müşahidə edilir. Bunu necə qiymətləndirirsiniz?
- Biz bir müddət əvvəl mediada qeyd etmişdik ki, Azərbaycanın mövqeyi indiki qədər güclü olmayıb, ölkənimizin əlaqələri getdikcə güclənəcək. Bizim yerləşdiyimiz coğrafi mövqe elədir ki, bura həm Qərb, həm də Rusiya ciddi maraq göstərir. Əsas məsələ ondan ibarətdir ki, Rusiyaya qarşı sanksiyalar tətbiq edildikdən sonra bu ölkə bazarında ərzaq və kənd təsərrüfatı məhsullarına tələbat artıb. Bu təlabatı aradan qaldırmaq üçün Rusiya bazarları Azərbaycan və Türkiyəyə sərbəst açılır. Bu əlaqələr gələcəkdə də güclənəcək. Həm də Azərbaycanın Rusiyaya qarşı sanksiyalara qoşulmaması o deməkdir ki, gələcəkdə bu iki ölkə arasında mal, ticarət, bank sahəsində, iqtisadi əlaqələrdə güclü inkişaf baş verəcək. Rusiya böyük bazardır. Bu bazarın kənd təsərrüfatı və ərzaq məhsulları ilə Azərbaycan tərəfindən təmin edilməsi birinci mərhələdir. Proqnozuma görə, ikinci mərhələ bank sistemi ilə bağlı olacaq. Rusiyanın bir çox ölkələrlə əlaqələrində mürəkkəb vəziyyət olduğundan pul köçürmələrində də problem olur. Bu problemi aradan qaldırmaq istiqamətində də Azərbaycan cəlbedici görünür. Hətta birgə müəssisələr qurula və hansısa məhsullar elə Rusiya bazarlarına çıxarıla bilər. Yəni hansısa məhsullar bura ixrac edilə və burdan da üçüncü ölkəyə göndərilə bilər. Rusiya vətəndaşları Azərbaycan üzərindən maliyyə köçürmələrini də həyata keçirə bilərlər. Həm də gələcəkdə Rusiya istehsal etdiyi neft-qazını məhz bizim üzərimizdən dünya bazarına çıxara bilər. Belə bir hal baş verə bilər. İndi Rusiyadan Azərbaycana böyük nümayəndə heyəti gəlib. Jirinovski də elan etdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli daha çox Rusiyaya sərf edir. Məncə, indi Rusiya-Avropa və Rusiya-Amerika münasibətləri Rusiya siyasətində dəyişikliklər yaranacaq və bu zaman Azərbaycanın rolu artacaq. Mən hesab edirəm ki, Azərbaycan dövlətinin hazırda apardığı siyasət ağıllı və güclü siyasətdir. Azərbaycan nə Avrasiya İttifaqına daxil oldu, nə də Avropa Birliyi ilə assiosativ sazişə getdi. Hər iki qurumla da ikitrəfəli münasibətlər formasında yaxından əməkdaşlıq edir. Həm də gələcəkdə Azərbaycan üzərindən Türkiyə bazarlarına çıxmaq imkanı mövcuddur. Fikrimcə, gələcəkdə Rusiya, Türkiyə və Azərbaycan arasında münasibətlər inkişaf etdikcə, bunun regiona ciddi təsiri olacaq və gərginlik aradan qalxacaq. Əslində demək olar ki, bizim neçə illərdir gözlədiyimiz məqam gəlib çatıb.
- Münasibətlərdə belə pozitiv irəliləyişin baş verməsinin Dağlıq Qarabağ münaqişəsinə təsiri ola bilərmi?
- Məncə, gələcəkdə MDB məkanında olan problemlərin, eləcə də Dağlıq Qarabağ probleminin həllində Rusiyanın maraqları artacaq. Qarabağ məsələsinin həlli baxımından irəliləyiş baş verə bilər. Mənim qənaətimcə, ilk olaraq Qarabağ məsələsinin sıfır həlli forması, yəni Qarabağın vilayət formasına qaytarılması və məsələnin Azərbaycan ərazi bütövlüyü çərçivəsində həlledilməsi qaçılmazdır. Münaqişənin qalması və ya böyüməsi bizdən çox Rusiyanın maraqlarına uyğun deyil. Odur ki, indiki vəziyyətdə bu istiqamətdə ciddi addımlar atılacaq. Məncə, Azərbaycan ilk olaraq işğal edilən rayonlar məsələsini həll edəcək, bundan sonra Qarabağın statusu məsələsi ortaya çıxacaq. Sonra bununla bağlı hüququ proseduralar hazırlanacaq. Gedişatlar bunu deyir. Odur ki, Rusiya ətrafında olan problemləri həll edərək əhalisinin sosial-iqtisadi durumunun həlli ilə bağlı addımlar atacaq və normal qonşular məsələsini gündəmə gətirəcək. Bu gün Rusiyanın dost itirmək və düşmən qazanmaq vaxtı deyil. Odur ki, dostların da problemlərinə normal yanaşmaq məsələsi ortaya çıxıb. Faktiki biz deyil, Ermənistan bizim torpaqlarımızı işğal edib və qoşunlarını geri çəkməlidir. Rusiya bu danışıqlar prosesinin içərisindədir. Siyasət mövcud reallıq və gerçəklikləri düşünərək atılan addımdır. Biz 23 ildir ki, belə situasiyanın yaranmasını gözləyirdik. Hesab edirəm ki, indi regionda Azərbaycanın xeyrinə olan balans yaranıb. Mən gələcəyi bu cür görürəm. Hesab edirəm ki, ilk olaraq işğal edilən rayonlar məsələsi ortaya gələcək və Azərbaycanın xeyrinə həll olunacaq, daha sonra isə Dağlıq Qarabağ problemi sıfır variantına qaytarılaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcək. Bu gözləniləndir.
- TANAP layihəsi imzalanıb və hazırda layihə icira edilməyə yönəlib. Bu layihədən biz hansı xeyir gözləyirik?
- TANAP layihəsi bizim ən əhəmiyyətli və uzaqgörən layihəmiz oldu. Biz faktiki olaraq Bakı-Ərzurum qaz kəmərini çəkmişdik. Bu kəmərlə dünyaya göstərdik ki, bizim yolumuza da, istiqamətimiz də var. Üstəlik 3 tirilyon kubametrdən çox qaz ehtiyatımız var və Avropanı 100 illlərlə qazla təmin etmək imkanlarındayıq. TANAP layihəsinin Azərbaycanın imicinə böyük təsiri var. Avropanın qazla təminatında bu mühüm əhəmiyyətə malikdir və gələcəkdə TAP layihəsinin həyata keçirilməsində Azərbaycanın Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynaması ortaya çıxır. 2019-cu ildə layihə reallaşandan sonra biz Avropanın Azərbaycana bəlli basqılarını da müşahidə etməyəcəyik. Düzdür, insan haqları ilə bağlı hansısa bəyanatlar ola bilər, amma strateji baxımdan əlaqələr daha da dərinləşəcək və Avropanın Azərbaycana münasibəti tamam dəyişəcək. İkincisi, iqtisadi baxımdan MDB məkanında milli valyutalarda devalvasiya gedir. TANAP layihəsinin işə düşməsi Avropa ilə münasibətlərimizi bir qədər də düzəldir, üstəlik TANAP-la yanaşı Azərbaycana güzəştli kreditlərin verilməsi də gündəmə gələcək. Azərbaycana 3 faizlə investisiya kreditlərə daxil olacaq və bu ölkə iqtisadiyyatına pozitiv təsir göstərəcək. Bu əlbəttə, inkişaf üçün stimul deməkdir. Fikrimcə, bizə böyük investisiyalar daxil olacaq. Azərbaycan TANAP layihəsinin 7 milyard ayırmaqla ağıllı və uzaqgörən siyasət apardı. Məncə, bizimlə yanaşı Türkiyəyə də investisiya daxil olacaq. Odur ki, regionda stabilliyin olması və nəhəng layihələrin həyata keçirilməsi böyük məbləğli kreditlər üçün şərait yaradır.
- Daima deyirdiniz ki, Azərbaycanla-Türkiyə arasında hərbi-strateji əməkdaşlığa nail olunmalıdır. Hazırda iki dövlətin silahlı qüvvələrinin birgə hərbi təlimləri başlayıb və proses oktyabrın 4-nə qədər davam edəcək. Bundan nə gözləyirsiniz?
- Surix protokolundan sonra mən Türkiyəyə səfər etdim, bu ölkənin ana müxalifət partiyasının sədri Kamal Kılıcdaroğlu ilə görüşdüm. Həmçinin bəyan etdim ki, Qarabağ problemi həll edilməyənə qədər sərhədlərin açılmasının əleyhinəyik. Türkiyə siyasiləri, müxalifəti və QHT-ləri də bəyan etdilər ki, Türkiyə-Azərbaycan siyasətində ziddiyyətlər olmamalıdır. Biz daima türk dövlətlərinin birliyindən, əməkdaşlığından danışırıq. Buna ən ciddi təsir göstərən bir neçə faktor var. Birincisi mənəvi baxımdan mədəniyyətlərin yaxınlaşmasıdır ki, biz Turksoy vasitəsilə bunu edirik. Daha sonra türkdilli dövlətlərin zirvə görüşü keçirilir. Bu əməkdaşlıq formasından sonra gələcəkdə türk dövlətlərinin birliyi reallaşacaq. Ən əsas məsələdə odur ki, hərbi birlik olsun. Bizim dostumuza da, düşmənimizə də göstərmək üçün böyük birliyimiz olmalıdır. Biz daima bunu təbliğ etmişik. Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq müqaviləsi imzalanmasını hər zaman vurğulamışıq. Bu gün birgə hərbi təlimlər başlayandan sonra, səmada turac qartallarını görəndə fəxir hissi keçirdim. Bu hərbi təlimlərə cəlb edilən hərbi kontingentə, götürülən hədəflərə baxanda adam sevinir. Bu Azərbaycan ordusunun gücləndirilməsi, moderinləşdirilməsi üçün olduqca vacibdir. Türk dövlətlərinin birliyi üçün Azərbaycan-Türkiyə modeli əsas model olacaq. Türkmənistan, Qazaxıstan, Özbəkistan bu prosesə qoşulacaq. Azərbaycan-Türkiyə modelində bu hərbi gücün əsası qoyulacaq, iqtisadi və mədəni əlaqələrdə güclənəcək. Bu olduqca sevindirici haldır. Məncə, bu hərbi təlimlərin böyük siyasi əhəmiyyəti var və Qarabağ məsələsinə də təsiri olacaq. Biz yaxın zamanlarda Azərbaycanın xeyrinə olacaq prosesləri görəcəyik.
CAVİDAN