1 Oktyabr 2014 12:29
956

Səxavət Əlisoy: “Bu partiyada ya ləyaqət, ya da ləyaqətsizlik qalmalıdır”

Müsavat Partiyasının sabiq başqanlığa namizədi Səxavət Əlisoy sərt açıqlama verib.

Sabiq başqanın sabiq müşaviri indiki başqan Arif Hacılı və onun Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsində sadiq üzvləri olan Gülağa Aslanlıya, Söhrab Məhərrəmliyə, Mustafa Hacıbəyliyə, Razim Əmiraslanova, Elman Fəttaha, Yusif Tağıya, Cahangir Əmirxanlıya, İkram İsrafilə və digərlərinə ismarış göndərib.

Əlisoy bu şəxslərə xatırladıb ki, Müsavat Partiyasının təməl prinsiplərindən biri də ləyaqətdir. Müsavatçı bəyan edib ki, qurultaydan narazı olan müsavatçılar yeddi istiqamətdə iddia irəli sürür:

Birinci iddia sırasında əksər rayonlarda qurultay nümayəndələri qarşı tərəfin ciddi nizamnamə pozuntusu olmasına baxmayaraq, Arif Hacılıya dəstək üçün seçilib. Arif Hacılıya sərf etməyən rayonlarda nəticələr ya ləğv edilib, ya da rayon təşkilatı buraxılıb. Sabah bu rayonların adını açıqlayacağıq.

İkincisi, Tovuz rayonunda konfransda başqan müşaviri iştirak etməsinə baxmayaraq, konfrans MNTK üzvü və QHTK nümayəndəsi iştirak etmədiyi üçün etibarsız hesab olunub. Naxçıvan Muxtar Respublikasının 6 rayonunda konfrans keçirilibmi və harada keçirilib, keçirilibsə, hansı MNTK üzvü və ya QHTK üzvü bu konfranslarda iştirak edib?

Üçüncüsü, Azərbaycanın 16 rayonunda partiyanın konfransı nədən baş tutmayıb?

Dördüncüsü, Arif Hacılı namizədliklə ilgili istefa verdikdən sonra onun kabineti kimlərin sərəncamında olub?

Beşincisi qurltaya təşkilatı olmayan rayonlardan Arif Hacılıya dəstək üçün nümayəndələr seçimi təşkil olunub, ya yox? Biz bu rayonların adlarını da açıqlayacağıq.

Altıncı, qurultay günü QHTK üzvlərinin əksəriyyəti və partiyanın Arif Hacılının tabeçiliyində olan funksionerləri “İsa Qəmbərin mövqeyi Arif Hacılıdır” deyə qurultay nümayəndələrinə xəbərdarlıq etdikləri nə dərəcədə nizamnəmayə uyğun olub?

Yeddincisi, nədən Müsavatın yolunda mübarizə aparan fədakar gənclərdən kimsə Məclis üzvü seçilməyib?

Səxavət Əlisoy qeyd edib ki, hələlik bu məsələlər haqda açıqlama verməyi yetərli hesab edir:

“İndi sizə sözüm var. Əgər bizi (şəxsən məni) bu iddialara görə ittiham edirsinizsə, şərəfiniz və namusunuz üzərə and için ki, deyilənlərin heç biri ilə razı deyilik. Əgər içinizdə biri çıxıb desə ki, qərəzlisən və bu qərəzimi sübut etsə, üzr istəməyə hazıram. Ən azı yeddi iddiadan üçünü qəbul edirsinizsə, Müsavat Partiyasının ləyaqət prinsipini əsas götürüb ya üzr istəyin, ya da seçkiyə haram qatdığınız üçün istefa verin.

Bu partiyada ya ləyaqət, ya da ləyaqətsizlik qalmalıdır.

Hər ikisinin birlikdə fəaliyyəti əsla mümkün olan iş deyil”.

Cavidan


Müəllif: