Əli Hüseynli: “Milli təhlükəsizliyimizə xələl gətirən maliyyələr ayrılıb”
“Ölkəmiz nə Avropa Birliyinin, nə də Avropa Parlamentinin üzvü deyil. Buna baxmayaraq, Azərbaycan digər bir neçə ölkə ilə birlikdə Şərq tərəfdaşlığı prosesində aktiv iştirak edir. Bu qonşuluq siyasəti, Şərq tərəfdaşlığının elementlərindən biri də parlament ölçüsüdür. Artıq xeyli müddətdir AVRONEST yaradılıb. Bu o deməkdir ki, Azərbaycanın da parlamentariləri Avropa Parlamentinin deputatları ilə vahid bir qurumda fəaliyyət göstərir. Eyni zamanda, biz bu quruma, Parlament Assambleyasına qatılanda bir sıra təkliflərimizi, iradlarımızı da bildirmişdik. Onlardan biri ondan ibarət idi ki, ölkələrlə bağlı hansısa məsələ müzakirə ediləndə, qərarlar qəbul olunanda rahat bir kommunikasiya olacaq, yəni milli parlament nümayəndələri Avropa Parlamenti ilə birbaşa əlaqədədir, katibliyimiz mövcuddur, hansısa mübahisəli məsələləri araşdırmaq mümkün olacaq. Amma görünən odur ki, müəyyən beynəlxalq güclər siyasi korrupsiyaya bulaşmış şəxslər vasitəsilə bu cür əsassız sənədlər qəbul etməkdə davam edirlər. Bu isə normal əməkdaşlıq prinsiplərinə ziddir”.
Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. Komitə sədri bildirib ki, Avropa Parlamentinin məlum qətnaməsi əvvəl qəbul olunan bu tipli sənədlərin davamı olaraq tamamilə həqiqətdən uzaqdır: “Mən əvəllər də bildirmişəm ki, Avropa Parlamenti Azərbaycanla bağlı, burada baş verən hadisələr, insan haqları, demokratiya, iqtisadi proseslər, istənilən məsələ ilə bağlı hər hansı qərar qəbul etməmişdən öncə özünün yaratdığı AVRONEST-dəki bizim katibliklə, nümayəndə heyəti ilə hansısa diskussiyalar aparmalı, məlumatlar əldə etməli və əsaslandırılmış qərarlar qəbul etməlidir. Bu fikrimi avropalı parlamentariləri ilə də görüşlərimizdə bildirmişəm. Amma təəssüf ki, hələ də belə qeyri-obyektiv yanaşma davam edir”.
Komitə sədri daha sonra deyib ki, Azərbaycan ABŞ-la birgə anti-terror koalisiyasında fəal əməkdaşlıq edir, eləcə də, Qərb dövlətlərinin enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmiz mühüm rol oynayır: “ABŞ rəsmiləri də hər zaman çıxışlarında dövlətlərimizin strateji tərəfdaş olduğunu vurğulayırlar. Qanunvericilik məsələsinə gəlincə, biz son illər “Qeyri-hökumət təşkilatları haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlara bir sıra dəyişikliklər etmişik. Dəyişikliklər edərkən, bu sahədə beynəlxalq təcrübəni öyrənmişik, xüsusilə xarici hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı təcrübəni. Bu təcrübə elə ABŞ təcrübəsinə uyğundur. Bununla yanaşı, QHT-lərin maliyyələşdirilməsi məsələsində şəffaflıqla əlaqədar biz yeni addımlar atmalıyıq. Çünki Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edir, biz korrupsiyaya qarşı mübarizənin, şəffaflığın artırılması ilə bağlı nümunələr göstərməliyik. Həm vətəndaş cəmiyyəti, həm dövlət, həm də QHT-lər maliyyənin necə xərclənməsi haqda məlumatlı olmalıdır. O ki, qaldı bu addımların ABŞ və bəzi Qərb dairələrini qane etməməsinə, bu, başqa məsələdir. Çünki bir sıra hallarda, bəzi Qərb dairələrindən, beynəlxalq QHT-lərdən Azərbaycana qrant adı altında milli təhlükəsizliyimizə xələl gətirən fəaliyyətə yönəltmək üçün maliyyələr ayrılıb. Yəni həmin qrant layihələrinin adı insan haqları və demokratiya ilə əlaqədar olsa da, əsl məqsəd başqa olub. Təbii ki, hüquq-mühafizə orqanları bu məsələləri araşdırırlar və zaman gələndə bunlar geniş ictimaiyyət üçün də məlum olacaq. Bu dairələrin içərisində erməni lobbisinin də fəaliyyəti var ki, bu da bizim milli təhlükəsizliyimiz üçün təhlükə törədir və buna görə də müvafiq tədbirlər görülür. Onlar bu cür layihələr vasitəsilə Dağlıq Qarabağ probleminin ermənilərin xeyrinə həlli üçün cəhdlər edirlər. Təəssüf ki, Azərbaycanda bir sıra hüquq müdafiəçiləri, vəkillər də bu işin icraçısına çevriliblər”.
Cavidan