30 May 2020 13:33
1 808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda “VAZ 2107” markalı 4 avtomobil qaçıran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Sabunçu rayonu Ramana qəsəbəsində yaşayan paytaxt sakini Kənan Qarayevə məxsus “VAZ 2107” markalı avtomobil oğurlanıb.

Zərərçəkən bu barədə ərazi üzrə Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə şikayət edib.

Sabunçu rayonunda yaşayan daha 3 nəfər oxşar məzmunlu şikayətlərlə polisə müraciət edərək müxtəlif vaxtlarda onların da istifadəsində olan eyni markalı avtomobillərin qaçırıldığını bildiriblər.

Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməkdaşlarının həyata keçirdiklər təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisələrini törətməkdə şübhəli bilinən paytaxt sakini Hacı Məmmədov qısa zamanda tutularaq istintaqa təqdim edilib.

O, törətdiyi qanun pozuntularını etiraf edərək ümumilikdə 4 avtomobil qaçırdığını və həmin nəqliyyat vasitələrinin ehtiyat hissələri sökərək satdığını bildirib. Hacı Məmmədov ifadəsində Sabunçu rayonunda 1 market və 1 evdən oğurluq etdiyini də etiraf edib.

Faktla bağlı 12-ci polis şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

Hacı Məmmədovun ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, “102” Zəng Mərkəzinə və ya Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə müraciət edə bilərlər.


Müəllif: Hacı Zeynalov