Mingəçevirdə oğurluq edən şəxsin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Mingəçevir şəhər polis şöbəsinə daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı şəxslərə məxsus “VAZ-21011” və “VAZ- 2102” markalı avtomobilləri qaçırmaqda, bir avtomobildən noutbuk, təmir alətləri çantası və 6 nəfərə məxsus həyətyanı sahədən velosiped oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər də oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Elmin Rüstəmov saxlanılıb.
Onun yaşadığı evə baxış keçirilən zaman narkotik vasitə olan heroin aşkar edilib.
Araşdırma zamanı məlum olub ki, Elmin Rüstəmov oğurladığı velosipedlərin bir neçəsini satıb, noutbuk və bir neçə velosiped maddi sübut kimi götürülüb. Qaçırdığı avtomobillər isə yaşadığı evin yaxınlığında aşkar edilib.
Faktla bağlı Mingəçevir şəhər polis şöbəsində Elmin Rüstəmov barəsində cinayət işi başlanılıb, onun digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.
İstintaq orqanı tərəfindən Elmin Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək),177.2.2-ci (təkrar oğurluq törətmək), 185.2.2-ci (təkrar talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) v 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittiham elan edilib.