2 May 2014 14:25
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya dəyişikliklər edilməsi barədə 15 nömrəli Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsini müzakirə edib.

Bu haqda millət vəkillərinə İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova məlumat verib.
Komitə sədri deyib ki, 15 nömrəli protokol deputatlara təqdim edilib: “Azərbaycan dövləti insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığı davam etdirir. Azərbaycanda insan hüquq və azadlıqlarını əks etdirən konvensiyalar ratifikasiya edilib. Qanunvericilik yaradıcı prosesdir”.

Daha sonra komitə sədri layihənin müddəaları haqda danışarkən deyib ki, burada yerli məhkəmələrin məsuliyyəti dəfələrlə qeyd olunur. Bildirilir ki, məsuliyyət beynəlxalq təşkilatların üzərinə qoyula bilməz: “Protokolda digər məsələ hakimlərin Avropa Məhkəməsində iştirakı ilə bağlıdır. Protokol kifayət qədər vacib sənəddir. Bu sənədin qəbulu göstərir ki, Azərbaycan dövləti bu sahədə irəliyə addım atır”.

Deputat Zahid Oruc deyib ki, ötən illər ərzində Azərbaycan insan haqları və azadlıqları ilə bağlı bir çox addım atıb: “Vilnüsdə Azərbaycanla Avropa Birliyi arasında viza sisteminin sadələşdirilməsi ilə bağlı müqavilə imzalandı. Bu sənəd Azərbaycan tərəfindən ratifikasiya olundu. Mən jurnalistləri bunu araşdırmağa dəvət edirəm. Hansısa bir irəliləyiş varmı? Yenə də həmin vəziyyətdir. Avropa Birliyi niyə üzərinə düşdüyü öhdəliyi yerinə yetirmir? Axı bu adamlar Avropa dəyərlərini görmək istəyirlər. Mən onları öz öhdəliyini yerinə yetirməyə dəvət edirəm. İstədiklərinə orden verirlər, 5 illik viza ilə təmin olunur, hətta diplomatik toxunulmazlığı olmadan onu yola salırlar və cinayətdən yayındırırlar”.

Sonda Zahid Oruc təklif edib ki, xalq diplomatiyasının əleyhinədir və bu məsələ qanunvericiliyə salınmalıdır.

AVP sədri, deputat Fəzail Ağamalı isə deyib ki, parlament insan hüquq və azadlıqları ilə bağlı beynəlxalq sənədləri ratifikasiya edib və bu Azərbaycanda hüququ qüvvəyə malikdir. İnsan hüquq və azadlıqlarının təmin edilməsi üçün bütün addımlar atılıb: “Amma insan hüquq və azadlıqlarını inhisara alan Avropa qurumları Azərbaycanda insan hüquq və azadlıqlarından istifadə etməyə çalışır. Bizim 1 milyon vətəndaşımız vətənindən qovulub. Onlar nədən Avropa məhkəməsinə çıxarılmır? Amma Azərbaycanın dövlət sabitliyi ilə bağlı atdığı addımlardan bizə qarşı istifadə olunur. Hansı haqla bir şəxsə 5 illik viza verib onu hava limanlarına qədər müşahidə edirlər. Budurmu insan hüquqları? Yaponiya, Koreya Avropa deyil, bəyəm orada insan haqları qorunmurmu? Əgər siz səmimisinizsə, ATƏT-in Minski qrupunun mövqeyini ortaya qoyun və 1 milyon insanın haqqını təmin edin”.

Millət vəkili Siyavuş Novruzov isə deyib ki, ölkəmiz Avropa Şurasına üzv olduqdan sonra Avropa qurumlarının fəaliyyətini izləyir: “Bizə qədər Avropa Məhkəməsinə ən çox Türkiyədən şikayət olunurdu. İndi biz Türkiyəni də keçdik. Bizdə insanlar prosedur qaydaları bilmirlər. Bəzən yerli məhkəməyə müraciət edənlər onun bir surətini də Avropa Məhkəməsinə göndərirlər. İkincisi, bu müraciətlərin bir qismi müxalifət nümayəndələridir. Bir neçə il əvvəl Ermənistandan qovulan şəxslər mülki hüquqları ilə bağlı Avropa Məhkəməsinə müraciət etdilər, amma bu, qeydiyyata alınmadı. İnsan hüquqlarını alver predmetinə çevirmək olmaz. Vaxtilə Leyla Yunus maddi danışıqlar nəticəsində insanların adını siyasi məhbus siyahısına salırdı. Toyuq oğrusunun adını da salmışdı. Bu elə hüquq müdafiə təşkilatlarının da etirazına səbəb olmuşdu. Baxın, görün, kimlərin adını siyahıya salmışdı. Özü kimi Ermənistanda konfrans keçirən Ələkrəm Hümmətovun, metro partladanları və digərlərini. Biz bu protokolu təsdiq etməklə sabitliyimizi ifadə edirik. Amma onlara gələndə problem yaranır”.

Sonda layihə səsə qoyularaq qəbul olunub.


Müəllif: