Balakən rayonunda baş verən dəhşətli qəza ilə bağlı bir nəfər həbs edilib.
Bu barədə Teleqraf.com-a Balakən rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, iyunun 11-də saat 20 radələrində Balakən rayonunun Mahamalar kəndi ərazisində rayon sakini, 1993-cü il təvəllüdlü Vaqif Musayev idarə etdiyi “VAZ 21015” markalı 99 –RE-173 dövlət qeydiyyat nişanlı avtomobillə sərxoş halda hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb, nəticədə avtomobildə olan sərnişinlər Elçin Verdiyev və Kənan Yüzbaşıyev aldıqları xəsarətlərdən hadisə yerinə ölüb, sürücü və digər sərnişin Elmar Şahverdiyev isə aldıqları bədən xəsarətləri ilə Zaqatala rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərək hadisə yerinin sxemi tərtib olunub, müvafiq ekspertizalar təyin edilib, şahidlərin ifadəsi alınmış və digər təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.