6 Oktyabr 2014 23:04
1 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasında başqanlığa namizəd olmuş, daha sonra namizədliyini Qubad İbadoğlunun xeyrinə geri götürən Səxavət Əlisoy partiyanın yeni başqanı Arif Hacılının ünvanına ittihamlar irəli sürüb.

Teleqraf.com-un məlumatına görə, S.Əlisoy özünün Facebook səhifəsində qeyd edib ki, Müsavat son 22 ildə ilk dəfə olaraq çox acınacaqlı duruma düşüb: “Bunu görməmək, sadəcə, siyasi korluqdur. Bu qurultaydakı saxtakarlığın miqyası VII qurultayda baş vermiş saxtakarlıqla müqayisəyə gəlməz. 2006-cı ildə saxtakarlığı ört-basdır etmək mümkün oldu. Saxtakarlar Başqanın səsləri hesablanan zaman yox, Məclis üzvlərinin səsləri sayılarkən yaxalanmışdı. O vaxt prosesin böyüməməsi üçün bir komissiya yaradıldı, narazılar da komissiyanın ədalətinə inanıb qarşıdurmaya getmədi. Ən acınacaqlısı odur ki, saxtakarlardan biri də Arif Hacılıya dəstək verən Zaqatala rayon müsavatçısı idi və o komissiyanın araşdırmalarının nəticələri bu günə kimi kimsəyə bəlli deyil.

VIII qurultayda səslərin sayılmasına qədər baş verən anormallıqlara rəğmən bu gün onlarla yox, yüzlərlə müsavatçı etiraz səsini qaldırır, sosial şəbəkələrdə, mətbuatda ikitirəlik günü-gündən şiddətlənir. Müsavatın reytinqinə, nüfuzuna çox ciddi zərbə dəyib, ən başlıcası bu partiyaya inanan insanlar xəyal qırıqlığına uğrayıb. “Dar gündə tutaq əl-ələ qardaşlarımızla” deyən müsavatçılar bu gün bir-birinə həvəslə düşmənçilik etməkdədir və görünən odur ki, bu proses qalxan xəttlə davam edəcək”.

Onun fikincə, qurultaydaan sonrakı narazılıq gözlənilən idi: “İllərlə Müsavat funksionerləri arasında baş verən intriqaların qarşısını yalnız və yalnız İsa Qəmbər alırdı. Çünki tərəflər onun nüfuzu, reytinqi qarşısında susmaq məcburiyyətində idi. Bu qurultay yeni siyasi situasiya ortaya qoymalı idi və qoydu da. Klassik metodlarla fəaliyyət göstərən partiya mövcud siyasi duruma adekvat olaraq yenilənməyə cəhd etdi və təəssüflər ki, məlum dəstə min oyundan çıxıb buna imkan vermədi. Qurultay populizmdən bezmiş cəmiyyətə yeni bir söz deyə bilmədi. Əvəzində qurultayda baş verən saxtakarlıqlara rəğmən partiyanın nüfuzuna ağır zərbə vuruldu. Saysız-hesabsız saxtakarlıq faktlarını tirajlayan çox sayda müsavatçı Arif Hacılını başqan kimi tanımadığını bəyan edir. Legitimliyi şübhə altında olan bir kəsin partiya başqanı kimi fəaliyyətinə davam etməsi Müsavatdakı gərginliyi daha da artıracaq. Bu vəziyyətdən yeganə xilas yolunu Arif Hacılının istefasında görürəm. Onunla heç bir şəxsi qərəzliyim, ədavətim yoxdur, sadəcə, siyasi fikirlərimiz üst-üstə düşmür. Ortada Müsavatın taleyi dayanır, partiyanın monolitliyi naminə istefa qaçılmazdır, Arif Hacılı!

Əminəm ki, müsavatçılar toparlanıb tam demokratik, şəffaf yolla özlərinə yeni başqan (keçmiş namizədlər istisna olmaqla) seçə bilər. Və bununla da partiya “saxtakarlıq” damğasından xilas olar”.

Qeyd edək ki, Müsavat Partiyasının sentyabrın 27-də keçirilən qurultayında Arif Hacılı 228 səslə partiyanın yeni başqanı seçilib.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər