Müsavat Partiyasının başqanlıq seçkilərində ədalətin pozulduğunu iddia edən başqanlığa namizəd Qubad İbadoğlunun bu gün tərəfdarları ilə keçirilən görüşdə gərginlik yaşanıb.
Teleqraf.com-un məlumatına görə, Müsavat başqanının müşaviri, Arif Hacılının tərəfdarı Səxavət Soltanlının görüşdə çıxış etməsinə imkan verilməyib. Onun seçkilərdə baş vermiş saxtakarlıqların ictimai müzakirəyə çıxarılmamasını, partiyanın daxilində qapalı şəkildə müzakirə edilməsini təklif etməsi isə Qubad İbadoğlunun tərəfdarları tərəfindən etirazla qarşılanıb.
Q.İbadoğlunun əsas dəstəkçisi Vurğun Əyyubun S.Soltanlıya “Sən kimsən ki, mənə nə danışmağı öyrədəsən” sözlərindən sonra müşavir zalı tərk etməli olub.
Səxavət Soltanlı buna sosial şəbəkədə yaşanan gərginliyə öz münasibətini bildirib. O qeyd edib ki, həmin toplantıya onu şəxsən Qubad İbadoğlu dəvət edib: “Mən də qəbul etmişdim. Orada səslənən “faktların” böyük əksəriyyəti doğru olmadığı üçün söz istədim Qubad bəy də söz verdi. Çıxış etdiyim zaman sədarət tərəfindən çıxışıma müdaxilə oldu, daha sonra təbii olaraq zaldan da bu etiraza dəstək gəldi. Bu zamana kimi bu məsələ haqqında yalnız daxili müzakirələri doğru hesab edirdim, bundan sonra da belə hesab edirəm. Amma bu məsələlər geniş ictimaiyyətin müzakirəsinə çıxarıldığı üçün mə ndə bu haqda fikirlərimi sizlərlə bölüşəcəyəm”,.
Nərgiz