8 Oktyabr 2014 17:07
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) və BMT-nin İnkişaf Qrupunun rəhbəri Helen Klarkın Azərbaycana səfəri başa çatıb.

Bu haqda BMT-nin ölkəmizdəki ofisi məlumat yayıb. Qeyd edilib ki, səfərin əsas məqsədi Azərbaycan və BMTİP arasındakı qarşılıqlı maraq doğuran sahələrdə mövcud əməkdaşlığı daha da gücləndirmək və tərəfdaşlıq üçün yeni imkanların müzakirə edilməsi idi.

Helen Klark BMT-nin baş katibi adından Bakıda keçirilən dördüncü Beynəlxalq Humanitar Forumda iştirak edib və tədbirin açılış mərasimində çıxış edib. BMTİP-in Azərbaycan Nümayəndəliyinin hazırki inkişaf qayəsi olan “Qara Qızılın İnsan Qızılına Çevrilməsi”-nin əhəmiyyətini vurğulayan təşkilatın rəhbəri ölkənin Cənub-Cənub əməkdaşlığında mühüm rol oynaya biləcəyini etiraf edib: “BMTİP Azərbaycanla oxşar problemlərə həlli yolu tapmaq istəyən digər ölkələrlə bilik və təcrübəsinin bölüşülməsində tərəfdaşlıq etməkdən məmnun olardı”.

Azərbaycan BMT-nin 2015-ci ildən sonrakı qlobal inkişaf gündəliyinin formalaşdırılması üçün təşkil edilən məsləhətləşmələrdə yaxından iştirak etdiyindən Helen Klark gələcək qlobal inkişaf prioritetləri mövzusunda mühazirə demək üçün Azərbaycan Diplomatiya Akademiyasında dəvət edilib.

Milli məsləhətləşmələrin təşkili və keçirilməsində əməyi olan bütün tərədaşlara təşəkkür edən Helen Klark 2015-ci ildən sonrakı inkişaf mərhələsi üzrə dialoqların nəticələrinin “Azərbaycan 2020: Gələcəyə Baxış” inkişaf konsepsiyasına uyğun olduğunu mühazirəsində vurğulayıb: “Azərbaycan digər ölkələrin də inkişaf məqsədlərinə nail olmasında bilik və təcrübəsini bölüşməsi üçün böyük imkanları olan öz tarixinin maraqlı dövrünü yaşayır. BMT-nin İnkişaf Proqramı Azərbaycana bu yolda yardım etməyə hazırdır”.

Azərbaycana səfəri zamanı BMT-nin İnkişaf Proqramının rəhbəri Helen Klark prezident İlham Əliyevlə görüşüb. Eləcə də, Təhsil, Gənclər və İdman, Rabitə və Yüksək Texnologiyalar, Fövqəladə Hallar və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirləri; Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri və bir neçə digər rəsmilərlə görüşüb. Bütün görüşlərində Helen Klark Azərbaycana təbii resursların insan resurslarına çevirə biləcək və müvafiq olaraq daha boyük insan inkişafına nail olmasına yardım edəcək siyasətlərin hazırlanmasının əhəmiyyətini qeyd edib.

Nemət


Müəllif:

Oxşar xəbərlər