8 Oktyabr 2014 20:06
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

İllər uzunu özünü demokrat kimi Azərbaycan cəmiyyətinə sırımağa çalışan İsa Qəmbər 450 nəfərlik bir qurultayı normal şəraitdə keçirdib başa çatdıra bilməyən adamdır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında BAXCP sədrinin ictimai və siyasi əlaqələr üzrə müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, Müsavat partiyasının qurultayından sonra baş verən hadisələr bir sıra məqamların üzə çıxmasına zəmin yaradıb:

“Sən demə, Müsavatın rəhbərliyində olan insanların böyük əksəriyyəti hakimiyyətə işləyirmiş. Başqanlığa keçmiş namizəd Qubad İbadoğlu ilə başqan müavini Gülağa Aslanlı bir-birilərinə qarşı irəli sürdükləri ittihamlarda bunu etiraf etdilər. İsa Qəmbər 22 ildir ki, YAP hakmiyyətini ittiham edirdi ki, seçki ədalətli keçirilməyib, saxtakarlıq olub, ölkədə indiyə qədər demokratik seçki mühiti olmayıb və s. Bu gün isə məlum oldu ki, İsa Qəmbər Qubad İbad oğlunun dili ilə desək, qurultayda ədalətli seçki mühitinin olmasını təşkil edə bilməyən qabiliyyətsiz bir adam imiş. Özləri bəyan edirlər, saxtakarlıq o həddə olub ki, qurultaya Müsavatın Samux rayon təşkilatı adından Gəncədən gələn başqa bir şəxs qatılıb. Bütün bunlar onu göstərdi ki, İsa Qəmbərin özü saxtakar, demokratik prinsiplərdən kənar adamdır və 22 ildir, boş-boş danışırmış. Bir dəfə bu fikri səsləndirmişəm, bir daha təkrar edirəm: İsa Qəmbər, nə gündəsən?!”.

BAXCP sədrinin müavini Müsavat partiyasının parçalandığını söyləyib və yaxın zamanlarda bunun rəsmiləşəcəyini vurğulayıb: “Artıq Müsavatın parçalanması göz qabağındadır. Hər gün Arif Hacılının tərəfdarları ilə Qubad İbad oğlu tərəfdarları bir-birini təhqir edir, nifrət püskürürlər. Yaxın zamanlarda partiya rəsmən parçalanacaq. Bu gün Müsavat partiyasında mövcud olan iki tərəfin hər ikisi hakimiyyətlə əlaqəli adamlardır və onları hakimiyyət idarə edir”.


Müəllif:

Oxşar xəbərlər