Müsavat Partiyasında Qubad İbadoğlu ilə Gülağa Aslanlı arasında mübahisə yaranıb. Hər iki şəxs “Azadlıq radiosu”nun efirində qarşılıqlı ittihamlar səsləndirib. Gülağa Aslanlının “seçkinin legitimliyinin tanınmaması ürəyində Müsavat sevgisi olan şəxsə şübhə yaradır” ittihamına Q.İbadoğlu “Mən Müsavata gələndə Gülağa bəy bizneslə məşğul idi” deyə sərt reaksiya verib.
“Şəxsi biznesim heç zaman olmayıb”
G.Aslanlı İbadoğluna canlı efirdə cavab verdikdən sonra Facebook səhifəsində yenidən bu məsələyə qayıdıb: “Mən 1988-ci ildə Xalq Hərəkatına qoşulmuşam, AXC üzvü olmuşam, 1992-ci ilin iyul ayından Müsavat Partiyasının üzvüyəm. Bakı Bərpa Bürosunun üzvü, Yasamal rayon təşkilatının təşkilatçılarından biri, təşkilatın ilk sədri olmuşam. 1992-ci ildə Prezident Ə.Elçibəyin fərmanı ilə “Biyan İstehsalat Birliyinə” Baş direktor təyin edilmişəm. 1993-cü il qiyamından sonra Müsavat Partiyası Məclisinin qərarı ilə mən də tutduğum vəzifədə qalmalı olmuşam. Bu birlik ləğv olunana qədər vəzifəmdə qalmışam. Bu müddət ərzində partiya ilə əlaqələrimi bir gün də olsa kəsməmişəm.
2002-ci ildən bu günə kimi bütün imkanlarımı və enerjimi Müsavat Partiyasının inkişafına sərf etmişəm, bundan sonra da belə olacaq. Şəxsi biznesim heç zaman olmayıb. Bu yalanı uydurana efirdə cavabını vermişəm”, -deyə o bildirib.
G.Aslanlı İbadoğluna “mən sizdən fərqli olaraq, başqa partiyadan Müsavata gəlməmişəm” deyib.
Q. İbadoğlu “danışığınıza fikir verin” deyə cavab verib. “Siz iqtidara xidmət etmisiniz. İqtidardan, Müsavatdan bəhrələnən gəlib burda mənə müsavatçılıq dərsi keçir” - deyə, o, ittihamlarını davam etdirib.
G.Aslanlı isə cavabında “Siz və qardaşınız bu iqtidara xidmət edirsiniz” fikirlərini irəli sürüb: “Qubad bəy əsassız danışır, o artıq burada İsa Qəmbərə də böhtan atır. Dünən də bunu etdiniz, özünüz toplaşdınız, özünüz danışdınız. Məqsədiniz İsa bəyə, Arif bəyə, Müsavata böhtan atmaqdır”.
Qeyd edək ki, G.Aslanlı yeni başqan Arif Hacılının əsas tərəfdarıdır. Q.İbadoğlunun oktyabrın 6-da keçirdiyi tədbirdə yeni başqanın ünvanına sərt fikirlər işlədilib. Başqanlıq seçkisində kifayət qədər pozuntuların olduğu dilə gətirilib.
Sentyabrın 27-də Müsavatın qurultayında 28 səs fərqilə Arif Hacılıya uduzan Q.İbadoğlu ədalətin pozulduğunu iddia edib və atacaqları addımlar barədə qərara gəlmək üçün tərəfdarları ilə görüşüb. Görüşdə Müsavatın keçmiş başqanı və qurucusu İsa Qəmbərin ünvanına təhqir səsləndiyi barədə iddialar ortada olsa da, Q.İbadoğlu belə halın yaşanmadığını vurğulayıb.
Müsavat Qadınlar Təşkilatının sədri Ellada Məmmədli başqanlıq seçkisində ədalətsizliyə görə bütün məsuliyyətin İsa Qəmbərin üzərinə düşdüyünü söyləyib.
“İsa Qəmbər təhqir olunmayıb”
Q.İbadoğlu isə Facebook-da yaydığı müraciətdə keçirdiyi tədbirdə İ.Qəmbərin ünvanına təhqiramiz ifadələr işlədilmədiyini vurğulayıb: “Qərara almışıq ki, Müsavat Partiyasının VIII qurultayına hazırlıq, qurultayın işi və seçkilərin keçirilməsi zamanı baş vermiş pozuntulara dair arayış hazırlayaq və onu daxili araşdırma üçün təqdim edək. Bütün bunlar bizim Müsavatın gələcəyini düşünməyimizdən və ona olan narahatçılığımızdan irəli gəlib.
Lakin bəzi şəxslər bu açıq və konstruktiv müzakirələrə töhfə vermək əvəzinə, həmin tədbirdə guya İsa bəyin ünvanına təhqir səsləndiyini iddia edir, heç bir istinad göstərmədən, diqqəti bu məsələyə yönəltməklə dünən 150-dən çox müsavatçının iştirak etdiyi təbdirin əhəmiyyətini azaltmağa çalışırlar.
Mənim idarə və iştirak etdiyim tədbirdə nəinki İsa Qəmbərin və hətta sıravı müsavatçıların ünvanına təhqir səsləndirilməyib, əgər səsləndirilərdisə, ilk növbədə, cavablarını məndən alardılar, mən buna əsla yol vermərəm. Bəli, tədbirdə sağlam tənqidlər olub, bu da normaldır”.
Nərgiz