9 Oktyabr 2014 21:59
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ədalət Partiyasında bələdiyyə seçkilərində iştirakla bağlı fikir ayrılıqları var”.

Bu sözləri Teleqraf.com-a partiyanın sədr müavini Mütəllim Rəhimli deyib.

Onun sözlərinə görə, partiya seçkilərlə bağlı müəyyən hazırlıqlar görsə də, seçkilərdə iştirakla bağlı qəti qərara gəlməyib: “Bununla bağlı partiyada iki mövqe mövcuddur. Bir hissə hesab edir ki, seçkilərdə iştirak etməyə ehtiyac yoxdur. İkinci qisim isə düşünür ki, mütləq seçkilərə getmək lazımdır və siyasi partiyaların mühüm vəzifələri seçkilərdə iştirak etməkdir. Bundan başqa baş verən qanunsuzluqları yerindəcə aradan qaldırılmasına çalışmaq lazımdır. Bununla bağlı yekun qərarı Ali Məclisin iclasında verəcəyik”.

O, Ali Məclisin iclasının bu ay keçiriləcəyini söylədi.

“Ədalət”in sədri İlyas İsmayılovun seçki ilə bağlı fikrinə gəlincə, M.Rəhimli qeyd etdi ki, adətən, sədr ikili münasibət olanda qəti mövqeyini bildirmir: “Çünki bu, obyektiv qərarın qəbuluna da müəyyən təsir göstərə bilər”.

M.Rəhimli 2013-cü il prezident seçkiləri ərəfəsində Ədalət, İslam, Yaşıllar Partiyasının təmsil olunduğu “Vətən” blokunun fəaliyyəti barədə də danışdı: “Əvvəlcədən də bəyan etmişdik ki, “Vətən” bloku seçki bloku deyil, siyasi blokdur və onu uzunmüddətli fəaliyyət üçün nəzərdə tutmuşduq. Sadəcə olaraq prezident seçkiləri ərəfəsində bir qədər aktiv idi. Ölkədə siyasi dinamika vardı və analoji olaraq blokun aktiv fəaliyyəti o zaman görünüb. Amma ötən 1 il ərzində fəaliyyətimiz dayanmayıb. Vaxtaşırı olaraq “Vətən” blokunun rəhbərliyi görüş keçirir. Sonuncu belə görüş ötən həftələrdə baş tutub. Ayda 2 dəfə blokda təmsil olunan partiyalar toplaşır”.

Onun sözlərinə görə, sonuncu iclasda bələdiyyə seçkilərinə blok şəklində qatılmağın mümkün olub-olmadığı barədə məsələ müzakirə edilib: “Partiyalar ayrılıqda seçkidə iştirakla bağlı qərar verəndən sonra blok namizədlərin dairələr üzrə yerləşdirilməsi məsələsinə baxacaq”.

Ədalət Partiyasının islamçılar və yaşıllarla bir araya gəlmə səbəbini isə M.Rəhimli belə izah etdi: “Azərbaycanda Allaha inanmayan şəxs yoxdur. Biz buddist deyilik, müsəlmanıq və Allaha, onun peyğəmbərinə inanırıq. İslamçılar da, Yaşıllar Partiyası da inanır. Hamımız Allaha inandığımıza görə niyə bir blok altında birləşməyək?”

Nərgiz


Müəllif:

Oxşar xəbərlər