2 May 2014 17:24
1 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün parlamentin iclasında “Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsi də müzakirə edilib.

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, layihə sədri olduğu komitədə ikinci oxunuşdan keçib:

“Müzakirələr zamanı həm deputatlar, həm də mütəxəssislər müəyyən təkliflər veriblər. Layihəyə diqqətlə baxılıb, ziddiyyətlər aradan qaldırılıb, subyektlər arasında münasibətlər dəqiqləşdirilib. Layihədə Moldova və Rusiya təcrübəsindən istifadə edilib”.

Komitə sədri bildirib ki, bu qanuna əsasən icazə olmadan bir ağac belə kəsilə bilməz. Layihədə ağac kəsilməsi ilə bağlı məsuliyyət nəzərdə tutulub.

Deputat Azay Quliyev layihənin peşəkar hazırlandığını bildirib: “Birinci oxunuşda təklif olunan tövsiyələr nəzərə alınıb. Prezident son müşavirədə yaşıllıqla bağlı fikirlər səsləndirib. Hesab edirəm ki, bu qanun layihəsi yaşıllıqla bağlı bir sıra problemləri həll edəcək. Bu layihə azsaylı layihələrdəndir ki, QHT-lərin prinsipial tənqidi ilə qarşılaşmayıb. Hesab edirəm ki, layihəni ikinci oxunuşdan qəbul edə bilərik”.

Deputat Gülçöhrə Məmmədova deyib ki, yaşıllığın mühafizəsi indi dünyanın əsas məsələlərindən biridir. Onun sözlərinə görə, ölkəmizdə bu məsələyə ciddi diqqət yetirilir: “Bulvarın uzadılması, bağların və parkların yenidən qurulması dövlətin düzgün siyasətinin sübutudur”.

Millət vəkili Aqil Abbas bildirib ki, bu vacib məsələdir: “Mən iki məsələyə toxunmaq istəyirəm. İndi böyük yaşıllaşdırma işləri aparılır. Mən Naxçıvanı nümunə gətirmək istəyirdim. Yoldaş Vasif Talıbov gözəl meşələr salıb. Oradan ibrət götürsünlər. Naxçıvan təcrübəsinin ölkəyə yayılmasının tərəfdarıyam. Elə Heydər Əliyev Fondu, YAP da ağacəkmə kampaniyaları keçirir. Hesab edirəm ki, bu zaman yerli ağaclara üstünlük vermək lazımdır. Palma əkirlər, baxanda dirəyə oxşayır. Yaxşı olardı ki, yerli ağaclara üstünlük verilsin”.

Deputat Zahid Oruc deyib ki, ağacların qorunması və müdafiəsi üçün pasportlaşma mühüm prinsip kimi nəzərdə tutulmalıdır. Sonda deputatlar qanun layihəsini ikinci oxunuşda fəsil-fəsil səsə qoyaraq qəbul edib.

Nemət


Müəllif: