Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov Vyetnam Milli Assambleyasının Hüquq komitəsinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisdən verilən xəbərə görə, vitse-spiker ölkələr arasındakı dostluq münasibətlərinin dərin kökləri olduğunu, hələ sovet hakimiyyəti dövründə Azərbaycanla Vyetnamın neft-qaz sənayesi sahəsində əməkdaşlıq etdiyini bildirib:
“Hazırkı müstəqillik dövründə əlaqələrimizi daha da inkişaf etdirmək üçün böyük potensial var. Belə ki, bu ilin mayında prezident İlham Əliyevin Vyetnama səfəri zaman imzalanmış sənədlər, o cümlədən Vyetnamla ARDNŞ arasında əməkdaşlığa dair Memorandum hərtərəfli əməkdaşlıq üçün yaxşı hüquqi zəmin yaradıb. Milli Məclisdə Vyetnamla parlamentlərarası əlaqələr üzrə dostluq qrupu fəaliyyət göstərir”.
Görüşdə Vyetnam Milli Assambleyasının Daimi komitəsinin üzvü, Hüquq komitəsinin sədri, nümayəndə heyətinin başçısı Fan Trung Li Azərbaycana səfərdən məmnun olduğunu bildirib. Vaxtilə Bakıda ali təhsil aldığını qeyd edən qonaq paytaxtın çox dəyişdiyini, inkişaf etdiyini vurğulayıb. Azərbaycanın bu gün də Vyetnama göstərdiyi köməkdən razılığını ifadə edib.
Söhbət zamanı Milli Məclis sədrinin birinci müavini qonaqlara Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib və Vyetnamı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı BMT-də, digər beynəlxalq təşkilatlarda aparılan müzakirələr zamanı ölkəmizin haqlı mövqeyini dəstəkləməyə çağırıb.
Nemət