2 May 2014 17:57
1 218
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əvvəla müsahibəni tam şəkildə oxumaq, ondan sonra fikir bildirmək lazımdır. Təəssüflər olsun ki, Azərbaycanın bəzi siyasətçiləri jurnalistlərin konkret mətndən, kontekstdən çıxararaq verdikləri suallar üzərində öz fikirlərini qururlar. Mütaliə eləmirlər, baş verən hadisələrin mahiyyətindən xəbərləri olmur. Həm Qüdrət Həsənquliyevə, həm də BAXCP-yə bu və ya digər ölkənin yönlüsü damğası vuranlar ən az utanmalıdırlar. Çünki bugünədək tutduğumuz yol, səsləndirdiyimiz fikirlər, yürütdüyümüz siyasət Azərbaycanın milli və dövlət maraqlarına xidmət edir”.

Bunu Teleqraf.com-a açıqlamasında BAXCP sədrinin müavini Elçin Mirzəbəyli ADP sədri Sərdar Cəlaloğlunun fikirlərinə münasibət bildirərkən deyib.

Qeyd edək ki, ADP sədri S.Cəlaloğlu Q.Həsənquliyevin mətbuata verdiyi müsahibəsini tənqid edib.
E.Mirzəbəyli isə deyib ki, kimin hansı anda fədakarlıq göstərəcəyini heç kim bilə bilməz: “Azərbaycanın ən çətin anında bizim sinəmiz öndə olacaq. Sərdar bəyin harada olacağını isə demək olmaz. Bundan əvvəl hansı mövqeni nümayiş etdirmişdisə, yəqin ki, o sürüşkənliyini davam etdirəcək”.

BAXCP sədri həmçinin deyib ki, Azərbaycanda bəzi siyasətçilər var ki, onlar özlərinin belə inanmadıqları fikirləri dilə gətirməklə, yaxud onları istiqamətləndirən suallara jurnalistə xoş olsun deyə cavab verməklə gündəmdə qalmağa çalışırlar: “Bu, bizim üçün önəmli məsələ deyil. Biz reallığı gözləyirik. Real vəziyyət isə budur. Ona görə də hesab edirəm ki, istər Sərdar Cəlaloğlunun, istərsə də digərlərinin nə söyləməsinin bizim üçün o qədər də önəmi yoxdur. Biz Azərbaycan cəmiyyətinə real, obyektiv mesajlar verməkdə davam edəcəyik. Xalqa yalan danışmaq lazım deyil. Nə Qərb haqqında əfsanələr uydurmaq, nə də Rusiya ətrafında baş verən proseslər barədə nağıl danışmaq lazımdı. Reallığı qiymətləndirmək və səsləndirmək lazımdır”.

Səxavət


Müəllif: