Şabran rayonunda qətl hadisəsi baş verib.
Rayon prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, avqustun 1-də saat 5 radələrində, Günəşli kənd sakini Əmirov Ələkbər Məzahir oğlunun bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İlkin istintaqla hadisənin zərəçəkmiş şəxsin xalası oğlu 1995-ci il təvəllüdlü Taleh Atamoğlanov tərəfindən şəxsi münasibətlər zəminində mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Taleh Atamoğlanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.