2014-cü ilin dekabrında Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Seçki Məcəlləsinə görə, bələdiyyə seçkiləri səsvermə gününə azı 60 gün qalmış elan olunur. Amma hələ ki, siyasi partiyalarda bələdiyyə seçkilərinə hazırlıq cəhdləri hiss olunmur.
Teleqraf.com bələdiyyə seçkilərinə hazırlıq vəziyyətini öyrənmək üçün partiya funksionerləri ilə əlaqə saxladıq.
KXCP-nin sədr müavini Xəzər Teyyublu bildirdi ki, onlar 2014-cü ilin martından bələdiyyə seçkilərində iştirakla bağlı qərarı veriblər: “Partiyanın ali orqanı olan Ali Məclisinin sessiyasında bununla bağlı qərar qəbul olunub. Naxçıvan istisna olmaqla, Azərbaycanın bütün bölgələrində zona müşavirələri keçirmişik. Zona müşavirələrində bələdiyyə seçkilərində iştirak və hazırlıq vəziyyəti müzakirə edilib. KXCP-nin mərkəzi seçki qərargahı yaradılıb, təlimatlar hazırlanıb və rayon şöbələrinə göndərib".
X.Teyyublu onu da bildirdi ki, özü də bələdiyyə seçkilərində iştirak edəcək: "Partiya rəhbərliyində təmsil olunan şəxslərdən də seçkilərdə iştirak edən olacaq. Mən Nərimanov rayon bələdiyyəsindən namizədliyimi irəli sürəcəm".
Milli Şurada təmsil olunan AXCP sədrinin müavini Razi Nurullayev bələdiyyə seçkilərində iştirakla bağlı qərar vermədiklərini qeyd etdi: "Bələdiyyə seçkilərində iştirak məsələsi partiyada müzakirə olunmayıb. Biz Milli Şuranın oktyabrın 12-də keçirəcəyi aksiyaya hazırlaşırıq".
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı da mətbuata açıqlamasında bildirib ki, böyük ehtimalla Müsavat Partiyası bələdiyyə seçkilərində rayon təşkilatlarının arzusunu nəzərə alaraq bu məsələdə onlara sərbəstlik verəcək və seçkilərdə iştiraka hazırlaşmaq üçün tapşırıqları olacaq: “Müsavat Partiyası hələ Məclisdə qərar verib ki, seçki qanunvericiliyində dəyişiklik olmayacaqsa, məhz bu cür saxlanılacaqsa, böyük şəhər bələdiyyələri müəyyənləşməyəcəksə, bələdiyyələrin statusları artırılmayacaqsa, bu cür seçkidə Müsavat Partiyası partiya olaraq iştirak etmək haqqında hələ qərar verməyib. Amma rayon təşkilatlarına iştirak etmək üçün şəraiti öyrənmək, komandaları yaratmaq, namizədləri müəyyənləşdirmək məsələsində sərbəstlik verir, hələ ki vəziyyət bu yerdədir”.
ADP sədri Sərdar Cəlaloğlu deyib ki, qurum bələdiyyə seçkilərinə qatılacaq: “Öz üzvlərimizə bələdiyyə seçkilərində aktiv iştirakı tövsiyə etmişik. Yerlərdə üzvlər xüsusi maraq göstərməsə, biz partiya kimi seçkilərdə iştirak edə bilmərik. Ona görə çalışırıq ki, yerlərdə üzvlərimiz seçkiyə xüsusi maraq göstərsinlər”.
Azadlıq Partiyasının sədri Əhməd Oruc qeyd edib ki, bələdiyyə seçkilərində iştirakla bağlı qərar verməyiblər: "Biz bu məsələdə üzvlərimizə sərbəstlik vermişik".
Ayxan