Gələcək Azərbaycan Partiyasında (GAP) parçalanma yaşanır.
Publika.az xəbər verir ki, partiyada qalmaqal sədr Ağasif Şakiroğlunun gənclərlə iş üzrə müavini Məhəmməd Əsədullayevi vəzifəsindən uzaqlaşdırmasından sonra başlayıb.
Oktyabrın 8-də partiyanın İdarə heyəti toplanıb və M. Əsədullayevi ümumiyyətlə GAP-dan uzaqlaşdırıblar. Ona qarşı əsas ittiham isə onun partiya daxilində “söz gəzdirməsidir”.
Ardınca partiyanın Gənclər Təşkilatının sədri Təbriz Mirzəyev vəzifəsindən kənarlaşdırılıb. Bundan sonra gənclər etiraza qalxıb və təşkilatın fəaliyyəti dayanıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, GAP-dakı parçalanma maliyyə məsələsi ilə bağlıdır.
Partiyadakı mənbə iddia edir ki, maliyyəni eks-spiker Rəsul Quliyevdən alan GAP rəhbərliyi etimadları doğrultmayıb. Belə ki, 5 aydan artıqdır təsir edilən partiyada təşkilatlanma işi yoxdur, həmçinin, bəzi maaşlı işçilərin əmək haqları ödənmir.
Hazırda partiyanın qərargah problemi var, həmçinin, rayon təşkilatlarının iclasda iştirakı üçün paytaxta səfəri maliyyələşdirilmir.
Qeyd edək ki, GAP yaranarkən arxasında Rəsul Quliyev, Əli İnsanov cə Hüseyn Abdullayevin olduğu deyilirdi.
Lakin həm partiya rəhbərliyi, həm də adı çəkilən şəxslər bunu təkzib edirdilər. GAP sədrinin Rəsul Quliyevin Azərbaycandakı rəsmi nümayəndəsi olması isə bu ehtimalları artırır.
Beş aydır yaransa da, ciddi fəaliyyəti ilə yadda qalmayan partiya dağıla bilər.