11 Oktyabr 2014 17:25
1 407
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rasim Musabəyov: “Avropada anlayırlar ki, dondurulmuş münaqişələr yeni müharibələrə səbəb ola bilər”

““Freedom House”, “Human Rights Watch” müəyyən qüvvələrin təsiri altındadır və sifariş yerinə yetirirlər. Səsləndirdikləri bəyanatlarda da həmin qüvvələrin mövqeyini ifadə edirlər. Amma bu qurumlar gəlib Azərbaycana təzyiq etmək imkanında deyil. Avropa Parlamentinə gəlincə, Milli Məclis bu təşkilatın qəbul etdiyi qətnaməyə sərt reaksiya verib. Həqiqətən də, bir qrup ermənipərəst deputatların təşəbbüsü ilə heç bir vəziyyətlə tanış olmayan insanlar yığışıb Avropa Parlamenti adından sənəd qəbul edir. Hətta onlar öz səlahiyyətlərindən kənara çıxaraq sanksiya tətbiqini istəyirlər. Bu yanaşma Avropa İttifaqı ilə münasibətlərimizi pozmasa da, Avropa Parlamenti ilə əlaqələrə xələl gətirə bilən haldır”.

Bunu millət vəkili Rasim Musabəyov “Freedom House”, “Human Rights Watch” təşkilatının, eləcə də Avropa Parlamentinin son zamanlar Azərbaycanla bağlı verdiyi bəyanatları şərh edərkən deyib.

Politoloqun fikrincə, Avropa Parlamentinin Azərbaycana təzyiq etmək imkanı yoxdur, təsir etmək istəyi var: “Yaxşı olardı ki, bu təşkilat öz ərazisində insan haqlarının pozulması ilə bağlı problemlərlə məşğul olsun. Əgər Avropa Parlamenti, həqiqətən, ölkəmizdəki hansısa problemləri araşdırmaq istəyirsə, bunun üçün AVRONEST mövcuddur. Yəni məsələlərə ilk növbədə bu müstəvidə baxıla bilər. Lakin Avropa Parlamentinin məqsədli şəkildə ölkəmizə qarşı atdığı addımlar əməkdaşlığımıza müsbət heç nə verməyəcək. Həmin qətnaməni isə təzyiq kimi qəbul etməyə dəyməz. Azərbaycana təzyiq göstərib nə edəcəklər? Biz onlardan nəsə yardım umuruq ki, bundan narahat da olaq? Avropa Parlamenti heç Avropa Komissiyasına təzyiq etmək imkanına malik deyil. Təbii ki, Azərbaycan özünün enerji layihələri ilə Avropanın enerji təhlükəsizliyinə töhfələr verir. Avropa təşkilatları Azərbaycanın xoşməramlı siyasətini dəyərləndirməlidir. Bunlar, həmçinin, böyük kommersiya layihələridir və Azərbaycanın da, Avropanın da marağı var”.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmsədrlərin danışıqlar prosesini intensivləşdirmək istəyini şərh edən deputat hesab edir ki, Avropanı Ukraynada baş verən hadisələr ayıldıb: “Avropa İttifaqı ilə Rusiya arasında münasibətlər elə də yaxşı deyil. İndi Avropada görürlər ki, münaqişələrin həll olunmamasından Rusiya fövqəldövlət statusunu bərpa etmək üçün istifadə edir. Digər tərəfdən isə anlayırlar ki, dondurulmuş münaqişələrin donu açılıb yeni müharibələrə səbəb ola bilər. Bu münaqişələr uzaqda deyil, Avropanın sərhədlərində baş verir. Avropada bütün bunları anlayırlarsa, münaqişələrin həlli üçün hərəkətə keçmələri müsbətdir. Ancaq düşünürlərsə ki, Azərbaycanı yola gətirib bizim birtərəfli güzəştlərimiz nəticəsində, torpaq payı vermək hesabına Dağlıq Qarabağ münaqişəsi həll ediləcək, yanılırlar. Bu, heç vaxt olmayacaq. Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmayacaq. Bu məsələdə xalqımız prezidentimizin arxasındadır”.

Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşüb müzakirələr aparmasına gəlincə, Rasim Musabəyov bildirib ki, əslində vasitəçilər hər zaman təklif edir ki, tərəfər arasında etimad mühiti yaradılmalı, bunun üçün ermənilərlə azərbaycanlılar görüşməli, əməkdaşlıq etməlidir:

“Biz də deyirik ki, bu etimad mühiti yaradılmalıdır. Amma nəzərə almaq lazımdır ki, Dağlıq Qarabağdan azərbaycanlı icması erməni işğalı nəticəsində öz torpaqlarından qovulub. Etimad mühiti ilk növbədə bu olmalıdır ki, Dağlıq Qarabağın azərbaycanlı icması öz doğma yurdlarına qayıtsınlar. Bunun üçün icmalar arasında etimad yaradılmalı, onlar görüşməlidirlər. Çünki Dağlıq Qarabağın statusu və onun gələcəyi bu iki icmanın barışığı və azərbaycanlı icmasının torpaqlarına qayıdışından keçir”.

Nemət


Müəllif:

Oxşar xəbərlər