Sentyabrın 3-də saat 15 radələrində Gəncə şəhəri ərazisində inşa olunan hündürmərtəbəli yaşayış binasından ustanın yıxılaraq aldığı xəsarətlərdən ölməsi barədə Gəncə şəhər prokurorluğuna məlumat daxil olub.
Bu barədə Teleqraf.com-a Gəncə şəhər Prokurorluğundan bildirilib.
Məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla müəyyən olunmuşdur ki, 1991-ci il təvəllüdlü Azər Yusifov şəhərin Azərbaycan bayrağı küçəsində “Hünər İnşaatçı” MMC tərəfindən inşa olunan hündürmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində texniki işlərin görülməsi zamanı hündürlükdən yıxılıb və aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, o cümlədən zəruri ekspertizalar təyin olunub.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.