Sentyabrın 6-da Tərtər rayonu, Şıxarx kəndi ərazisində kənd sakini 1990-cı il təvəllüdlü Röyalə Tağıyevanın yaşadığı evdə meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Teleqraf.com-a Tərtər rayon Prokurorluğundan bildirilib.
Məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılan araşdırmalarla zərərçəkmişin keçmiş əri 1984-cü il təvəllüdlü Səlim Əsədovun qısqanclıq zəminində aralarında yaranan münaqişə zamanı Röyalə Tağıyevanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səlim Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.