İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində avqust və sentyabr aylarında həmkəndlisinə məxsus xirdabuynuzlu heyvanları oğurlayan şəxs müəyyən edilərək saxlanılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.
Məlumata görə, İmişli rayon Göbəktala kənd sakini H.Əliyev rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus xırdabuynuzlu heyvanlarının oğurlanması barədə məlumat verib.
Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi, əvvəllər məhkum edilmiş İbrahim İsmayılov saxlanılıb.
Araşdırmalarla onun 12 baş qoyun oğurlamaqla şikayətçiyə 1 500 manatdan artıq ziyan vurduğu müəyyən edilib.
Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırmalar davam etdirilir.