Aparılan siyasi iş və ideoloji təbliğat nəticəsində Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının ərazi ilk təşkilatlarının və üzvlərinin sayı artırılıb. Bu ilin doqquz ayı ərzində təşkilatda 7 yeni ərazi ilk partiya təşkilatı yaradılıb və 401 nəfər YAP sıralarına qəbul olunub. Bununla da rayon təşkilatının ərazi ilk təşkilatlarının sayı 148-ə, üzvlərinin sayı isə 11 min 35 nəfərə çatıb.
Teleqraf.com-un məlumatına görə, bu fikirləri YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva oktyabrın 15-də təşkilatın şura iclasındakı çıxışında səsləndirib. S.Vəliyeva vurğulayıb ki, sözlə əməlin birliyi, partiya üzvlərinin ulu öndər Heydər Əliyev ideyalarına sədaqəti YAP-ın nüfuzunu daha da artırıb, ümumilikdə, onun bölgənin aparıcı siyasi qüvvəsi kimi mövqeyini möhkəmləndirib.
Çıxış edən təşkilatın sədr müavini, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova deyib ki, partiya yarandığı gündən onun ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla həyata keçirilən əsas proqramı Azərbaycanda dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub. Məhz buna görə də ümumxalq partiyası olan, bu gün 630 mindən çox üzvü öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyası ölkəmizin və regionun ən aparıcı siyasi qüvvəsinə çevrilib.
İclasda rayon təşkilatının cari ilin 9 ayı ərzində gördüyü işlərə dair hesabatını diqqətə çatdıran YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov bildirib ki, partiyanın icra katibliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, təşkilat cəmiyyətimizin bütün sosial təbəqələrini əhatə edən əhəmiyyətli tədbirlər keçirib, layihələr reallaşdırıb. YAP Nizami rayon təşkilatı ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq, siyasi-ideoloji maarifləndirməni bir an da olsun dayandırmayıb, kütləvi tədbirlərlə onun təsirini daha da artırıb.
Hesabat ətrafında çıxış edənlər bildiriblər ki, YAP Nizami rayon təşkilatının qadınlar şurası və gənclər birliyi öz sıralarını möhkəmləndirməklə rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər. Vurğulanıb ki, respublikada qadınların və gənclərin qərar qəbuletmədə və hakimiyyət orqanlarında iştirakı getdikcə artmaqdadır. Onlar hər işdə olduğu kimi, qarşıdan gələn bələdiyyə seçkilərində də ortaya qətiyyətli mövqe qoyacaq və ölkəmizin gələcəyi naminə əhəmiyyətli qərarlar verəcəklər.
Müzakirələrdə çıxış edənlər son illərdə ölkəmizdə aparılan quruculuq işlərindən, partiyanın Sədri, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Yeni Azərbaycan Partiyası sədrinin müavini Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər.
İclasın sonunda YAP sıralarına yeni qəbul edilən bir qrup gəncə vəsiqələr və partiyanın ictimai-siyasi fəaliyyətində fərqlənənlərə fəxri fərmanlar verilib.