Bakının Yasamal rayonunda anasını bıçaqlamaqda ittiham olunan Elnur Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Səbuhi Hüseynovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, bu ilin mayın 11-də, saat 14.00-da Yasamal rayonunun Şamil Əzizbəyov küçəsindəki 43 nömrəli evdə ev sahibi, 1951-ci il təvəllüdlü Mirxanım Quliyeva sinəsindən, onun evini təmir edən Kamil Sədrəddinov isə qarın nahiyəsindən bıçaqlanıb.
Hər iki şəxs ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
İlkin araşdırma zamanı zərərçəkmiş Mirxanım Quliyevanın oğlu, əvvəllər qətl, oğurluq və qanunsuz narkotik saxlamaqda ittiham olunan 1973-cü il təvəllüdlü Elnur Quliyevinin cinayətdə əli olduğu müəyyən edilib.
Məlum olub ki, cinayətin törədildiyi vaxt Elnur Quliyev sərxoş vəziyyətdə olub.
İstintaq müəyyən edib ki, Elnur Quliyev hadisə vaxtı özünü öldürmək istəyib. O, intihar etmək məqsədilə özünü bıçaqlamaq istəyib.
Anası bunu görəndə müdaxilə etmək istəyib və Kamil Sədrəddinovu köməyə çağırıb.
Nəticədə, müqavimət göstərən Elnur Quliyev onları bıçaqla yaralayıb.
Elnur Quliyev istintaqa verdiyi ifadəsində anasını təsadüfən, ustanı isə qəsdən yaraladığını etiraf edib.
İstintaq orqanı tərəfindən Elnur Quliyevin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.