Həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərov oktyabrın 14-də prezident İlham Əliyevə müraciət edərək indiyə qədər hüquq müdafiə fəaliyyətini güclü və firavan Azərbaycan üçün həyata keçirdiyini və bundan sonra da eyni məqsədə nail olmaq üçün daha əzmlə, daha dogru, daha düzgün , daha şəffaf və geniş dialoq şəraitində davam etdirəcəyini bildirib.
Məhbusun Facebook səhifəsində yayılan müraciətdə qeyd edilib ki, hüquq müdafiəçisi hələ həbsindən əvvəl istintaqın obyektiv aparılması üçün zəruri addımları atıb, bununla belə həbsdən azad edilməsinin İlham Əliyevdən asılı olduğunu dərk edərək prezidentdən azadlığa buraxılmasına sərəncam verməsini xahiş edib.
Eyni zamanda, Rəsul Cəfərov 15 oktyabr tarixində isə Baş Prokuror Zakir Qaralova da müraciət ünvanlayaraq avqustun 2-də seçilmiş həbs qətimkan tədbirinin yekunlaşması ilə əlaqədar ən azından ev dustaqlığına buraxılması ilə bağlı istintaq orqanına göstəriş verməsini xahiş edib. Rəsul Cəfərov müraciətdə istintaqdan yayınmadığını, zəruri ifadə və sənədləri təqdim etdiyini, daimi yaşayış yeri olduğunu və fəaliyyətinin məlum olduğunu qeyd edərək həbsdə saxlanılması üçün heç bir ciddi əsasın olmadığını qeyd edib.