Rafiq Manaflı: “DİHM Milli Şuraya qarşı yaradılıb”
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı Azadlıq Partiyasının sədri Əhməd Orucun ittihamlarına cavab verib, Demokratiya və İnsan Hüquqları Mərkəzində birləşən 11 partiyanı tənqid edib.
Milli Şura təmsilçisi Əhməd Orucu təhqir etmədiyini, onu siyasətçi saymadığını bildirib. R.Manaflının fikrincə, Əhməd Oruc öz işi ilə məşğul olsa, daha yaxşıdır: “Bildiyim qədər onun fermer təsərrüfatı var, daima heyvanlarla məşğul olur. Belə adamla siyasət mövzusunda nə danışasan. Mən belə adda siyasətçi tanımıram. Ona fermer təsərrüfatı işində, heyvandarlıq sahəsindəki fəaliyyətində uğurlar arzu edirəm”.
R.Manaflı deyib ki, Milli Şura üzvlərinin Demokratiya və İnsan Hüquqları Mərkəzinin bəzi üzvləri tərəfindən tənqid və ittihamlarla qarşılaşması təsadüfi deyil:
“Demokratiya və İnsan Hüquqları Mərkəzi adlı qurumun yaradılması bu ittihamlara bir təkan oldu. Əvvəl guya məhbusların hüquqlarının müdafiə komitəsi yaradırdılar, sonra mərkəzə çevrildilər. Biz çox gözəl bilirik ki, bu mərkəz Milli Şuraya qarşı yaradılan qurumdur. Orada yığılan bəzi adamlar son illərin siyasi gedişlərində bir-birini özləri üçün qırmızı xətt kimi qəbul ediblər. Deyirdilər ki, bu adamla müttəfiqlik etmək olmaz, bununla bir yerdə olmaq mümkün deyil və s. Özləri bilər. Ancaq Milli Şuraya qarşı mübarizədə bütün qırmızı xətlər tapdandı və yaşıllaşdı. Şəxsən bizim üçün müəyyən etdiyimiz qırmızı xətt var və onu heç bir situasiyada tapdalamırıq. Mənim üçün avrointeqrasiya ilə müqayisədə Rusiyaya yaxınlaşmaq qırmızı xətdir və onu heç vaxt tapdalaya bilmərəm. Onlar 10 partiyadır və özlərini qeydiyyatdan keçmiş elan edərək böyük güc olduqları görüntüsünü yaradırlar. Bu partiyalardan biri də Əhməd Orucun partiyasıdır. Vaxtilə VHP bizim istəyimizin əksinə olaraq Əhməd Orucla bələdiyyə seçkilərində müttəfiqlik edib. Onun özü və Kamal adda bir müavini var idi. Bu ikisindən başqa ortaya adam çıxara bilmədi. İndi, deyəsən, müavini də çıxıb gedib və Əhməd Orucla partiyası qalıb. Təsəvvür edin ki, bu partiya bir nəfərdən ibarətdir.
Həmin mərkəzdə olan partiyaların da əksəriyyətinin kimdən və nədən ibarət olduğunu tanıyırıq. Hər kəs öz tərbiyəsinə və səviyyəsinə uyğun gülləsini atır. Mənim Əhməd Orucla heç salamım olmayıb. O, məndə antipatiya yaradan insandır”.
Xatırladaq ki, Azadlıq Partiyasının sədri Əhməd Oruc ötən gün sosial şəbəkələrdə Rafiq Manaflının barəsində sərt ifadələr işlədib.
Nemət