Şimali Koreyada Çindən gələn və ölkəyə koronavirus gətirdiyi deyilən "sarı toz" buluduna görə xalqa evlərini tərk etməmək barədə xəbərdarlıq olunub.
Teleqraf.com xəbər verir ki, xəbərdarlıqdan sonra paytaxt Pxenyanda küçələr tamamilə boşalıb.
Xüsusi hava bülletenində də toz xəbərdarlığı edilib. Toz buludlarının zəhərli maddə, virus və patogen mikroorqanizmlər daşıdığı bildirilir. Ölkədən kənarda bütün inşaat işləri qadağan edilib.
Pxenyan ölkədəki səfirliklərə də xəbərdarlıq mesajları göndərib. Rusiyanın Pxenyandakı səfirliyinin Feysbuk səhifəsində Şimali Koreya Xarici İşlər Nazirliyinin bütün diplomatik nümayəndəliklərə toz fırtınası ilə bağlı xəbərdarlıq etdiyini, eləcə də bütün əcnəbilərin evlərində qalmalarını və pəncərələrini möhkəm bağlamalarını tövsiyə etdiyini açıqlayıb.
İlin müəyyən vaxtlarında Monqolustan və Çində səhralardan yüksələn toz buludları Şimali və Cənubi Koreyaya çatır. Havadakı zəhərli hissəciklərlə birləşən bu toz buludları hər iki ölkədə narahatlıq doğurur.
Toz buludları COVID-19-u gətirə bilərmi?
Koronavirusun havadan ötürüldüyünü göstərən araşdırmalara görə, toz buludu ciddi qəbul edilməlidir.
ABŞ Xəstəliklərin Qarşısını Alma və Nəzarət Mərkəzləri koronavirusun havada saatlarla asılı qala biləcəyini açıqlayıb.
Ancaq mütəxəssislər bildirir ki, mövsümi toz buludları ilə COVID-19 arasında əlaqə ola biləcəyinə dair hələlik dəlil yoxdur.