16 Oktyabr 2014 21:25
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

“AMİP-in hazırki strukturlarının əsas gücü bələdiyyə seçkilərində partiyanın iştirakına yönəldilib”. Bu sözləri Teleqraf.com-a açıqlamasında AMİP-in baş katibi Arzuxan Əlizadə deyib.

Onun sözlərinə görə, oktyabrın 1-də Siyasi Şurasının bələdiyyə seçkilərində iştirakla əlaqədar yekun qərarı olub və bu qərardan sonra partiyanın yerli strukturlarının iştirak məsələsi ilə bağlı işlərə start verilib: “Bakı və Sumqayıt şəhər təşkilatları, eyni zamanda Abşeron rayon təşkilatının fəalları ilə görüşlər keçirilib, qarşıdan gələn seçkilərdə partiya üzvlərinin iştirakı müzakirə olunub, regional müşavirələrə start verilib. Şimal bölgəsi üzrə bir regional müşavirə keçirilib, Siyəzən, Şabran, Xaçmaz, Xudat, Quba və Qusar təşkilatlarının fəalları ilə görüşümüz olub, müzakirələr aparılıb. Gələn həftə Cənub bölgəsində regional müşavirələrə start verəcəyik. Daha sonra isə Qərb və şimal-qərb istiqamətində partiya rəhbərliyinin səfərləri olacaq. Səfərdə regionda fəaliyyət göstərən partiya üzvlərimiz və yerli təşkilatlarımızla müzakirə olunacaq. Qarşıdan gələn bələdiyyə seçkiləri partiyanın gündəlik həyatında prioritet təşkil edir”.

“Parlament seçkilərinə blokla qatılmağımız mümkündür”

Bələdiyyə seçkilərinə blok şəklində qatılmağın məqsədəmüvafiq olmadığını deyən A.Əlizadə blokla bağlı əsas hədəfin parlament seçkilərinə götürüldüyünü qeyd edib: “Bələdiyyə seçkilərində partiya və digər siyasi təşkilatların iştirak dərəcəsi, seçkilərin keçirilməsi, ölkədə seçkilərə münasibətdən asılı olaraq parlament seçkilərində siyasi bloklarla yaxud təkbaşına iştirak forması sonra müzakirə olunacaq. Gələcəkdə ölkə daxili və xarici məsələlər, o cümlədən bələdiyyə və parlament seçkilərilə bağlı mövqeyi üst-üstə düşən siyasi təşkilatlarla əməkdaşlığımız mümkündür. Siyasi partiyalar hər hansı məsələ ilə bağlı vahid mövqedən çıxış edirlərsə, həmin təşkilatların birgə əməkdaşlıq məsələləri də müzakirə olunur. O yerdəki bizim fərqli baxışımız var, həmin siyasi təşkilatla birgə fəaliyyət göstərməyimiz mümkün deyil”.

“Milli Şura hansısa qurum qarşısında öhdəlik götürərək mitinq keçirib”

Mitinqlərə gəlincə, AMİP funksioneri hesab edir ki, mitinqlər siyasi partiyanın qarşısına qoyduğu məqsəd üçün sadəcə bir vasitədir: “Biz hazırki dönəmdə mitinqlərin keçirilməsini bir o qədər əhəmiyyətli hesab etmirik. Ona görə də mitinqlər AMİP-in gündəmində deyil. Amma gələcəkdə situasiyadan asılı olaraq hər hansı məsələ ilə AMİP-in kütləvi tədbirlərin keçirilməsi ilə əlaqədar qərarı istisna olunmur”.

A.Əlizadə Milli Şuranın oktyabrın 12-də keçirdiyi mitinqə münasibət də bildirib: “O mitinqin həm təşkili, həm də keçirilməsi zamanı bəzi əcaibliklərlə rastlaşdıq. Çünki digər siyasi təşkilatların mitinqdə iştirakı təəssüflər olsun ki, təşkilatçılar tərəfindən çox qısqanclıqla qarşılanırdı. Bu da bir sıra versiyaların gündəmə gəlməsinə səbəb olub. Bu yaxınlarda KİV-də belə versiya da oxudum ki, mitinq təşkilatçıları hansısa qurum qarşısında öhdəlik götürərək həmin mitinqi keçiriblər. Bu da xoşagələn məsələ deyil. Mitinq keçirilirsə, təşkilatçı tərəf digər siyasi təşkilatların iştirakına qısqanclıqla yanaşmamalıdır”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər