Mingəçevir şəhərində silahlı insident törətməkdə təqsirli bilinən Ülvi İsmayılov və Elsevər Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Bilal Məmmədovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, bu ilin yanvarın 20-də 1995-ci il təvəllüdlü Ziyad Mirzəyevin odlu silahdan açılmış atəş nəticəsində xəsarət alaraq xəstəxanaya daxil olması barədə daxil olmuş məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.
Aparılmış araşdırmalarla 1996-cı il təvəllüdlü Elsevər Quliyevin yanvarın 20-i saat 18 radələrində Mingəçevir şəhəri ərazisində magistral yol ilə hərəkətdə olarkən idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə Vaz 2107 markalı avtomobilin qarşısını kəsib avtomobildən düşərək əlindəki odlu silahdan atəş açaraq sərnişin qismində gedən Ziyad Mirzəyevə şəxsi münasibətlər zəminində ağır dərəcəli bədən xəsarətləri yetirməsinə şübhələr üçün əsaslar müəyyən edilib.
Keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Elsevər Quliyev şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.
Mingəçevir şəhər Prokurorluğunda aparılan istintaq araşdırması zamanı cinayətin digər iştirakçısı Ülvi İsmayılov da müəyyən olunub və o, həbs olunub.
İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 29, 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd) və 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.