“Azərbaycan Albaniya üçün strateji tərəfdaşdır”.
Teleqraf.com-un məlumatına görə, bunu bu gün Azərbaycana rəsmi səfərə gələn Albaniya parlamentinin sədri İlir Meta söyləyib.
İ. Meta deyib ki, Albaniya parlamentinin sədri kimi ilk dəfədir ki, Azərbaycana rəsmi səfər edir. O, Albaniya parlamentinin ondan öncəki spikerinin də Azərbaycana səfər etdiyini xatırladıb: “Bu səfər Azərbaycanla əlaqələrin intensevləşməsi yönündə Albaniyanın böyük siyasi iradə olmasının göstəricisidir. Çünki Albaniya üçün Azərbaycan ölkənin gələcək inkişafı nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb edən strateji tərəfdaşdır”.
İ. Meta Albaniya və Azərbaycan əlaqələri baxmından TAP layihəsinin əhəmiyyətini xüsusi vurğulayıb: “Bu kəmər məhz Albaniyadan keçərək Avropa Birliyi ölkələrinə çəkiləcək. Amma TAP Albaniya və Azərbaycanı birləşdirən yeganə layihə deyil. Albaniyada investisiya yatıran və hazırda investisiya yatırmaq istəyən Azərbaycan şirkətləri var. Azərbaycan şirkətləri Albaniyada enerji, infrastruktur və turizm kimi sahələrə invvestisiya yatırır və bu da ölkələr arasında iqtisadi əlaqələrdə böyük potensialın olduğuna dəlalət edir”.
Albaniya parlamentinin sədri səfər çərçivəsində Tirana Politexnik Universiteti ilə Bakı Dövlət Universiteti arasında Anlaşma Memorandumunun imzalanması mərasimində iştirak edəcəyini açıqlayıb: “Mən bunu böyük məmnuniyyətlə gözləyirəm. Çünki əməkdaşlığımız nöqteyi-nəzərindən təhsil böyük potensial vəd edir. Bakıda olduğuma çox sevinirəm. Əminəm ki, parlamentlər arasında əlaqələrin bu şəkildə inkişafı həm dövlətlərimiz, həm də xalqlarımız arasında əlaqələrin inkişafına töhfə verəcək”.