29 Noyabr 2020 12:25
1 817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda arvadını öldürməkdə təqsirli bilinən İlqar Vəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Samir Əliyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, bu ilin avqustun 14-də saat 12 radələrində Abşeron rayonu ərazisində 1975-ci il təvəllüdlü Səyyarə Vəliyevanın yaşadığı mənzildə çoxsaylı bıçaq xəsarətləri yetirilməklə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

İstintaqla hadisənin zərərçəkmişin əri, 1967-ci il təvəllüdlü İlqar Vəliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

İlqar Vəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq orqanı tərəfindən İlqar Vəliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov