Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevin 18 oktyabr Dövlət Müstəqilliyi Günü ilə bağlı məqaləsi bu ölkənin “Əl-Cumhuriyyə” qəzetində dərc olunub və bir çox internet saytlarında yerləşdirilib.
Məqalədə oxucular müstəqillik tariximizlə yanaşı, ölkəmizin əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumatlandırılıblar.
Teleqraf.com-un məlumatına görə, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edildiyini yazan Ş.Abdullayev müsəlman Şərqinin ilk respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi ölkəmizin müstəqilliyini bərpa etdiyini, beynəlxalq aləmə inteqrasiya edərək qısa müddət ərzində BMT və ATƏT-ə üzv qəbul edildiyini diqqətə çatdırıb.
Səfir Azərbaycanın tarixən tərkib hissəsi olduğu və birgə irsi bölüşdüyü İslam dünyası ilə də əlaqələrini bərpa etdiyini və əməkdaşlıq münasibətləri qurduğunu qeyd edib. Ş.Abdullayev məqalədə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi barədə də məlumat verib, 1990-cı illərin əvvəllərində xarici və daxili təhlükələr fonunda yeni əldə edilmiş müstəqilliyin təhlükə altına düşdüyünü diqqətə çatdırıb. O, Azərbaycanın işğal olunmuş ərazilərində zəngin İslam maddi-mədəniyyət abidələrinin və məscidlərinin viran olunduğu vurğulayıb.
Belə bir çətin zamanda ölkə rəhbərliyinə qayıtmaq üçün Azərbaycan xalqının israrla ulu öndər Heydər Əliyevə müraciət etdiyini və məhz onun uzaqgörənliyi və bacarığı sayəsində Azərbaycanın qısa müddətdə problemləri arxada qoyaraq davamlı inkişaf mərhələsinə qədəm qoyduğunu bildirən Ş.Abdullayev Ümummilli Liderin müdrik siyasəti və əvəzsiz xidmətləri nəticəsində mərkəzi hakimiyyətin gücləndiyini, çox ehtiyac duyulan xarici əlaqələrin genişləndiyini, Ermənistanın atəşkəs sazişini imzalamağa vadar edildiyini, ölkəmizdə demokratikləşmə prosesinin başlandığını, “Əsrin müqaviləsi”nin imzalandığını, Azərbaycanın yeni neft strategiyasının əsasının qoyulduğunu oxucuların diqqətinə çatdırıb.
Bu gün Azərbaycanın sürətlə inkişaf edən ölkələrdən biri olduğunu qeyd edən Ş.Abdullayev neft-qaz boru kəmərləri vasitəsilə ölkəmizin Şərq-Qərb enerji dəhlizində və Avropanın enerji təhlükəsizliyində aparıcı rol oynadığını vurğulayıb, gənclər siyasəti, elm-təhsil və “qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində hökumətin həyata keçirdiyi ardıcıl tədbirlər barədə məlumat verib. Səfir ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələrdən, iqtisadi islahatlardan da faktlar əsasında ətraflı bəhs edib. Həmçinin Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması, informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində regional mərkəzə çevrildiyi, müstəqilliyinin ilk illərində humanitar yardımların alıcısı olan Azərbaycanın bu gün beynəlxalq humanitar və sülhməramlı əməliyyatlara töhfə verən dövlət olduğu qeyd edilib.
Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğunu vurğulayan səfir ölkəmizi daha parlaq gələcəyin gözlədiyini diqqətə çatdırıb.