ABŞ-ın Kaliforniya ştatının qubernatoru Edmund Cerri Braun tərəfindən dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletinin ştatın San-Dieqo şəhərində uğurla səhnələşdirilməsi münasibətilə təbrik bəyanatı verilib.
Bu barədə Teleqraf.com-a Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan məlumat daxil olub.
Bəyanatda qubernator sözügedən baletin uğurlu nümayişinə görə, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyini və Los-Ancelesdəki baş konsulluğunu təbrik edib.
Həmçinin, qubernator, “Yeddi Gözəl” baletinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin eyniadlı əsəri əsasında 1952-ci ildə Qara Qarayev tərəfindən bəstələndiyini, baletdə etnik müxtəlifliyin, fərqli mədəniyyətlərin gözəlliyinin və qadın müdrikliyinin tərənnüm edildiyini vurğulayıb. Qubernator E.Braun belə bir əsərin Kaliforniya sakinləri qarşısında nümayiş etdirilməsinə görə təşkilatçılara təşəkkür edib.
Qeyd edək ki, Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin hərtərəfli dəstəyilə bu ilin oktyabr ayının 11-də “Yeddi Gözəl” baleti Kaliforniya ştatında böyük uğurla səhnələşdirilib. Bununla “Yeddi Gözəl” baleti ABŞ-da ilk dəfə olaraq nümayiş etdirilib.
Səxavət