11 Yanvar 2021 10:51
434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyəzən rayon polis şöbəsinin əməkdaşları ölkədə elan edilən karantin rejiminin tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət edir, gücləndirilmiş iş rejimində xidmət aparırlar.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.

Məlumata görə, şöbə əməkdaşları mütəmadi olaraq rayon ərazisində açıq havada, küçə və prospektlərdə, eləcə də ticarət mərkəzlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərlə bağlı reydlər keçirir, onlara COVID-19 infeksiyasının fəsadları və tibbi maskadan istifadənin zəruriliyi bərədə məlumat verir, özlərinin və yaxınlarının sağlamlıqları üçün mövcud qaydalara mütləq qaydada riayət etmələrinin vacibliyini çatdırırlar.

Lakin pandemiyanın ölkə ərazisində yayılmasının ilk günlərindən başlayaraq rayon ərazisində keçirilən reydlər zamanı edilən xəbərdarlıqlara baxmayaraq qaydaları pozmaqda davam edən şəxslər də aşkarlanıb və onlar barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Belə ki, cari ilin yanvar ayının 1-dək rayon ərazisində karantin qaydalarını pozan 1 052 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq cərimə protokolları tərtib olunub və həmin şəxslər məsuliyyətə cəlb olunublar.

Bundan əlavə şöbə əməkdaşları tərəfindən rayon ərazisində mövcud karantin qaydalarını pozaraq fəaliyyət göstərən 5 kafe-restoran aşkarlanıb və qaydaları pozan obykt sahibləri, eləcə də müştərilər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Həmçinin bir yas və bir qonaqlıq məclisinin təşkil edilməsi aşkarlanıb və dərhal qanun pozuntusunun qarşısı alınıb.

Qeyd edilən müddət ərzində rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaşayış yerini tərk edərək pandemiyanın yayılmasına şərait yaradan 4 nəfər aktiv COVID-19 xəstəsinin qanunazidd hərəkətinin qarşısı alınıb və onlar barəsində istintaq bölməsində cinayət işi başlanılıb.


Müəllif: Hacı Zeynalov