13 Yanvar 2021 13:52
428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda vətəndaşların etimadından sui-istifadə etməklə dələduzluq yolu ilə onu işə düzəltmək adı altında aldadan və maddi vəsaitini ələ keçirən şəxs saxlanılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Tovuz rayon polis şöbəsinin əməkdaşlarının rayon sakinindən daxil olan müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən rayonun Yuxarı Öysüzlü kənd sakini, 45 yaşlı Mahal Qurbanov tutulub.

Araşdırma zamanı müəyyən edilib ki, M.Qurbanov ötən ilin fevral ayında həmkəndilisini işlə təmin edəcəyinə söz verərək, onu dələduzluq yolu ilə aldadaraq həmin şəxsdən 2 400 manat pul alıb.

Bundan başqa, saxlanılan şəxs 2020-ci ilin may ayında Vətənin müdafiəsi uğrunda şəhid olmuş hərbi qulluqçunun ailəsi ilə əlaqə saxlayıb, onun valideynlərindən şəhidin sosial sığortası üçün ayrılmış vəsaiti nağdlaşdırmaq üçün 10 000 manat pul tələb edildiyini bildirib və beləliklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib.

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa “102” Zəng Mərkəzinə, Tovuz rayon polis şöbəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər