Frank Valter-Ştaynmayer: “Azərbaycan Şərqlə Qərb arasında strateji körpüdür”
Almaniyanın xarici işlər naziri Frank Valter-Ştaynmayer Azərbaycana rəsmi səfərə gəlib.
Teleqraf.com xəbər verir ki, Xarici İşlər Nazirliyində nazir Elmar Məmmədyarovla keçirilən görüşdən sonra nazirlər birgə brifinq keçiriblər. Elmar Məmmədyarov bildirib ki, almaniyalı nazir səhər saatlarında prezident İlham Əliyevlə görüşüb.
Nazir qeyd edib ki, almaniyalı həmkarı ilə keçirdiyi görüşdə müxtəlif məsələlərə toxunulub. Qeyd edilib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 3 milyard dollara yaxın olub: “Qərara gəldik ki, bu istiqamətdə işimizi davam etdirək. Regional məsələlərə də toxunduq. Suriya, Türkiyə, İran, Ukrayna məsələsi müzakirə olunudu. Həmçinin, ikitərəfli böyük maraq kəsb edən məsələlərə toxunulub”.
Amaniya xarici işlər naziri Frank Valter-Ştaynmayer isə bildirib ki, Almaniya hökuməti “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələr, o cümlədən Azərbaycanla əməkdaşlığı genişləndirməyi, dərinləşdirməyi düşünür: “Azərbaycan strateji baxımdan Şərqlə Qərb arasında vacib bir nöqtədir. Almaniya Rusiya ilə yanaşı yeganə ölkədir ki, Azərbaycanda xarici ticarət palatası var və palatanın 140 üzv var”.
Nazir qeyd edib ki, Cənub Qaz Dəhizi gələcəyə hədəflənmiş layihə olmaqla çox ambisiyalı və xərc tələb edən bir layihədir: “Bu layihə ikitərəfli əməkdaşlığımızı daha da gücləndirəcək. Eyni zamanda Avropanın böyük hissəsi ilə Azərbaycan arasında böyük münasibətlər açacaq”.
Nazir Azərbaycanın Avropa Şurası Naizrlər Komitəsinə sədrliyini təqdir etdiklərini vurğulayıb: “Azərbaycanla birgə dəyərlərimiz sıx əməkdaşlıq üçün gediş imkanlar açır. Ümid edirik ki, Azərbaycan Avropa ilə Asiya atrsında körpü rolunu oynamağa davam edəcək. Bu fikir mənim Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri ilə keçirdiyim görüşdə də vurğulandı”.
F.Valter Ştaynmayer görüş zamanı regional münaqişələri, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni müzakirə etdiklərini söyləyib: “Biz Azərbaycanın həssas bölgədə yerləşməsini, İraqa yaxınlığını diqqətlə izləyirik. Ümumiyyətlə, regiondakı bütün uzunmüddətli konflitklər bizim diqqətimizdədir. Dağlıq Qarabağ münaqişəsini də yaddan çıxarmaq olmaz. Biz bu məsələyə narahatlıqla yanaşırıq. Həmçinin, biz Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 27-də Parisdə keçiriləcək görüşünə ümidlə baxırıq. Arzu edirik ki, Qarabağ münaqişəsinin davamlı həlli tapılsın. Eyni zamanda istəyirik ki, Avropa İttifaqının üzvü kimi Almaniyanın da bu sahədə rolu artsın. Bu məqsədlə Avropa İttifaqı Herbert Alba kimi təcrübəli diplomatı Cənubi Qafqazdakı münaqişələrin həlli ilə bağlı xüsusi nümayəndə təyin edib”.
Səxavət