Sabunçu rayonunda ayrı-ayrı şəxslərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum olunmuş vətəndaş Ədalət Bağırov saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus daraq və 7 ədəd patron aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu bildirib.
Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı isə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən vətəndaş, əvvəllər məhkum olunmuş Canbaxış Əliyev tutulub.
Onun üzərinə baxış zamanı 2 qrama yaxın psixotrop maddə olan metamfetamin aşkar edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq şöbə əməkdaşları tərəfindən Canbaxış Əliyevin Ramana qəsəbəsində yaşadığı evin həyətindəki istixanaya baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, 1 ədəd sandıqça və 5 ədəd patron aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı 12-ci polis şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu rayon Polis İdarəsinə göndərilib.
İstintaq tədbirləri davam etdirilir.