Bakının Xəzər rayonunda silahlı insident törədən şəxs həbs olunub.
Teleqraf.com xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində fevralın 17-də saat 3 radələrində Türkan qəsəbəsi ərazisində yerləşən daş karxanasında xuliqanlıq zəminində tüfəngdən havaya atəş açmaqda və orada işləyən 2 nəfəri döyməkdə şübhəli bilindiyinə görə saxlanılan S.Quliyevdən qundağı və lüləsi kəsilmiş “BUM” markalı ov tüfəngi götürülüb.
Qeyd edək ki, Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsinə fevralın 17-də saat 3 radələrində Türkan qəsəbəsi ərazisində yerləşən, Bakı şəhər sakini N.Quliyevaya məxsus daş karxanasında qohumu S.Quliyevin xuliqanlıq zəminində tüfəngdən havaya atəş açması, orada işləyən Ə.Qurbanovu və Ə.Tahirovu döyməsi barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini S.Quliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.