Şamaxıda ər-arvadı öz evində döyərək quldurluq etməkdə ittiham olunan 21 yaşlı Elxan Heybətov, 28 yaşlı Pərvin Həmidov və 35 yaşlı Valeh Pənahovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim İlham Mahmudovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, hadisə ötən ilin sentyabr ayında baş verib.
Şamaxı şəhər sakini Zərifə Niyazova rayon polis şöbəsinə müraciət edərək bildirib ki, 24 avqust 2020-ci il tarixdə gecə saat 2 radələrində yaşadığı Şamaxı şəhər H.Ciddi küçəsi, ev 11 ünvanında yerləşən fərdi yaşayış evinə naməlum şəxslər hücum edib, onu və həyat yoldaşı Polad Niyazovu döyərək əmlakını talan edib.
Məlum olub ki, Şamaxı şəhər sakinləri - Elxan Heybətov, Pərvin Həmidov və Valeh Pənahov özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub və bir qrup şəxs halında cinayət əlaqəsinə giriblər.
Onlar həmin gecə Zərifə Niyazovanın yaşadığı fərdi yaşayış evinin taxta pəncərəsini sındıraraq qanunsuz olaraq mənzilə daxil olub, evdə olan qadın və kişidən 22 min ABŞ dolları məbləğində pulun verilməsini tələb ediblər.
Evdə olan çəliklə (əsa) və bıçaqla Zərifə Niyazovanı və Polad Niyazovu vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.
Sonra quldurlar evdə olan "Nokia-112" markalı, "Samsung Galaxy J2" markalı mobil telefonları, 17 AZN nəğd pulu götürərək qaçıblar.
İstintaq orqanı tərəfindən Elxan Heybətov, Pərvin Həmidov və Valeh Pənahovun barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək), 181.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə quldurluq törətmək),181.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddələri ilə ittiham elan olunub.