Daxili İşlər Nazirliyi paytaxtda mağazadan 10 min manatlıq telefonlar və motosikletlər oğurlayan şəxslərin videogörüntülərini yayıb.
Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 10 000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş A.Yusifov saxlanılıb.
Saxlanılan şəxsin ətrafında aparılmış tədbirlərlə onun paytaxt sakini Kamil Xasıyevlə birgə Bakı şəhər sakini olan 1 nəfərin mopedini, 2 şəxsin isə “Yamaha” və “Haojue” markalı motosikletlərini qaçırmaları da müəyyən edilib. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində K.Xasiyev də saxlanılaraq istintaq təqdim edilib.
Faktla bağlı 27-ci polis bölməsində saxlanılan şəxslər barəsində toplanan materiallar Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
Araşdırmalar davam etdirilir.
A.Yusifov və K.Xasıyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə, habelə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.