27 Oktyabr 2014 19:33
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüseyn Məlik: “Vurğun Əyyub istefa verməlidir”

Ötən həftənin şənbə günü Müsavat Partiyası Məclisinin növbəti toplantısı keçirilib. Sessiyada Məclisdə boş qalan yerlərə, eləcə də, Müsavat Divanına və MNTK-ya seçkilər keçirilib. Məclis üzvlüyünə 42 nəfər namizədliyini verib, ancaq yalnız Gülağa Aslanlı 60 nəfərin səsini alaraq Məclisə üzv seçilib.

Daha sonra MNTK-ya seçkilər keçirilib. Bununla da partiyanın MNTK-sı tam şəkildə formalaşıb. Əsas seçkilərdən biri də Divan seçkisi olub. Elman Fəttah, Nüşabə Sadıqlı, Vəfa Cümşüdlü, Rasim Əmiraslanlı, Nemət Kərimli, Osman Kazımov, İkram İsrafil, Rafiq İsmayıl, Yadigar Sadıqov və Tofiq Yaqublu Divana üzv seçilib.

Gənclərə yer olmadı

Məclisin iclası zamanı maraqlı məqamlar baş verib. Məsələn, Rüfət Hacıbəyli bəyan edib ki, partiyada gənclərin üzərindən xətt çəkmək doğru deyil. Nüşabə Sadıqlı isə Hacıbəyliyə kəskin etiraz edərək bildirib ki, onlar da gəncliyini bu yolda xərcləyiblər. Sessiyada söz alaraq çıxış edən İsa Qəmbər isə Məclis üzvlərini gənclərə və xanımlara səs verməyə dəvət edib. Ancaq köhnə başqanın çağırışlarına baxmayaraq Rüfət Hacıbəyli Divana seçilə bilməyib. Başqan seçkilərində Arif Hacılını dəstəkləyən Səxavət Soltan da Divana seçilə bilməyib.

Arif Hacılı Osman Kazımovu Divan üzvü etdi

Başqan Arif Hacılı məclisdə Məclisdə bəyan edib ki, Elman Fəttahı, Səxavət Soltanlını, Osman Kazımovu, Gülağa Aslanlını və Nüşabə Sadıqlını başqanın müavinləri təyin edib. Məclis bu şəxsləri təsdiq edib. Bununla da Arif Hacılıya bağlı olan şəxslər həm müavinliyə, həm də Divana gətirilib.

Divan narazılara divan tutacaq

Ən maraqlısı odur ki, Məclisin iclasında narazı kəsimi təmsil edən bir nəfər də Məclis üzvlüyünə, MNTK-ya və ya Divana namizədliyini irəli sürməyib. Qubad İbadoğluna bağlı şəxslərin mütləq əksəriyyəti heç Məclisin iclasına da qatılmayıb. Hazırda Məclisdə Qubad İbadoğluna bağlı bir neçə şəxs var. Onların çoxu da qurultayda Məclisə seçiliblər. Məclisin ötən həftə keçirilən sessiyasına da qatılmamaq haqda qərarları olub. Məhz bu səbəbdən Məclisdə çıxış edən təşkilat şöbəsinin müdiri Razi Əmiraslanlı təklif edib ki, iclaslara qatılmayan şəxsləri cəzalandırmaq lazımdır. Onun təklifi böyük çoxluq tərəfindən dəstəklənib.

Narazılar qarşı sərtliyi ilə seçilən MNTK-ya sədr gətirilir

Narazıları təmsil edən Hüseyn Məlik bizimlə söhbəti zamanı deyib ki, Müsavatda keçirilən seçkilərdə narazılardan heç kəs iştirak etməyib. O, əlavə edib ki, Məclis 51 nəfərin iştirakı ilə öz işinə başlayıb, sonradan bildirilib ki, daha bir neçə şəxs də sessiyaya qatılıb: “Məclisin belə az sayda insanlarla işə başlaması mənim indiyə qədər yadıma gəlmir”.

Hüseyn Məlik əlavə edib ki, artıq MNTK-nın onların şikayətinə hansı cavab verəcəyi də bəllidir: “Böyük ehtimalla MNTK sədri Sevinc Hüseynova seçiləcək. Onun da hansı mövqedən çıxış edəcəyi bəllidir. Odur ki, şikayətimizə veriləcək cavab şəxsən mənə aydındır”.

H.Məlik əlavə edib ki, şəxsən onun özü Məclisi legitim hesab etmir: “Qurultayla bağlı mövqeyimizi ifadə etmişik. Bizim kimi düşünən şəxslərin Məclis üzvü kimi qalması doğru deyil. Vurğun Əyyuba və digərlərinə tövsiyə edərdim ki, əgər seçkiləri qeyri-legitim hesab edirlərsə, Məclis üzvlüyündən istefa versinlər. Mənə elə gəlir ki, Vurğun Əyyub partiya rəhbərliyinə etdiyimiz şikayətin nəticəsini gözləyir. Verilən cavabdan asılı olaraq Məclis üzvü qalıb-qalmayacağını müəyyən edəcək”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər