Sumqayıt şəhərində qonşusunu öldürməyə cəhd etməkdə ittiham olunan Abdul Əsgərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Rahib Salmanovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, ötən il iyulun 22-də saat 8 radələrində 1995-ci il təvəllüdlü Müseyib Aygün Şahbaz qızının bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Araşdırmalarla 1987-ci il təvəllüdlü Əsgərov Abdul Rahib oğlunun Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu, 1995-ci il təvəllüdlü Müseyib Aygün Şahbaz qızına çoxsaylı bıçaq zərbələri vurub onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Abdul Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq orqanı tərəfindən Abdul Əsgərovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.