Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bərdə regional şöbəsinin əməkdaşları Tərtərin Seydimli kəndində olan sahibkarın fərdi təsərrüfatında olub.
Tələf olan heyvanlardan nümunələr götürülüb və AQTA-nın laboratoriyasına göndərilib.
Həyətyanı sahə və heyvanların saxlanc yerləri dezinfeksiya edilib.
***
16:14
Tərtər rayonunun Seydimli kəndində fermada xırdabuynuzlu heyvanların kütləvi tələfatı baş verib.
Bu barədə sahibkar Ramiz Cavanşir oğlu Mədətov məlumat verib.
O bildirib ki, martın 18-dən başlayaraq təsərrüfatında qoyunların kütləvi şəkildə tələf olması qeydə alınıb: “Bununla bağlı dərhal Tərtər rayon Baytarlıq İdarəsinə müraciət etdim. İdarədən qeyri-iş gününün olduğu əsas gətirilərək ölmüş heyvanlardan nümunələrin götürülərək laboratoriyaya göndərilməsi məsləhət bilinmədi”.
Sahibkar deyib ki, yerli baytarlar qoyunlarda ilkin olaraq Bradzot xəstəliyinə qarşı müalicə aparıblar: “Lakin iynələr vurulduğu gecə əlavə 15 heyvan tələf olub. Hazırda təsərrüfatımda 30 baş qoyun tələf olub, 20-yə yaxın isə xəstə qoyun-quzu var”.